"İcra başçıları bilməlidirlər ki, regionların güclü olması Azərbaycanın güclü olmasıdır" ÖZƏL-MÜNASİBƏT

13 Noyabr 2019 12:15 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni icra başçılarını qəbul edərkən ilk növbədə onların hansı fəaliyyətlə məşğul olacaqlarını və onlarda əsas tələblərin nə olduğunu vurğuladı. Bununla belə hətta yerli icra hakimiyyət başçıları da öz fəaliyyətlərində Azərbaycanın daha qüdrətli olması, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasında əsas fiqurlardan biri olduğunu bir daha onların diqqətinə çatdırdı". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

"Bu baxımdan beynəlxalq məsələlərə toxunuldu və xüsusilə bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu yeri diqqətə çatdırıldı. Hesab edirəm ki, icra başçıları fəaliyyətlərinin nəticisinə, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna necə təsir edəcəyinin fərqinə varmalıdırlar. Onlar bilməlidirlər ki, regionların güclü olması Azərbaycanın güclü olmasıdır. Həmçinin onlar bilməlidirlər ki, vətəndaşlarımızın hüquqlarının qorunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi deməkdir. Bu məsələdə onların da ciddi şəkildə iştirakıdır. Hesab edirəm ki, gənc və etimadı doğruldacaq bu gənclər Azərbaycan üçün fəaliyyətlərini yüksək səviyyədə qura biləcəklər"-deyə, A.Mirzəzadə fikrini tamamlayıb.