"Ermənistan üçün nəticələr ağır olacaq" ÖZƏL-MÜNASİBƏT

12 Noyabr 2019 16:52 (UTC+04:00)

“Ermənistan rəhbərliyi kələfin ucunu itirib”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, düşmən ölkəyə rəhbərlik edənlər harada, necə danışmaq lazım olduğunu bilmirlər: “Həm Ramil Səfərovla bağlı səsləndirilən fikirlər, həm də münaqişənin danışıqlar yolu ilə həll edilməsinə vurulan zərbələr bunu deməyə imkan verir. Bütün dünya Ermənistanı işğalçı ölkə kimi, aqressor kimi tanıyır. İşğala məruz qalan bizik və beynəlxalq hüquqa əsasən hər zaman silaha əl ata bilərik.

Əgər belə olarsa, Ermənistan üçün nəticələr ağır olacaq. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi ermənilərin xoşuna gəlmək üçün sərsəm açıqlamalar verir. Bu da münaqişənin həllinə baxışların dəyişilməsinə gətirib çıxarır. Baxışın dəyişilməsi isə müharibə deməkdir. Əgər hərbi əməliyyatlar yenidən başlayarsa, onsuz da siyasi-iqtisadi böhranın içində çabalayan ermənilər məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Düşünürəm ki, nə qədər gec deyil, Ermənistan rəhbərliyi ağıllarını başlarına yığmalıdır. Əks halda nəticələr düşmən üçün acınacaqlı olacaq”.