Mərkəzi Seçki Komissiyası 15 ölkəyə Bələdiyyə seçkiləri ilə bağlı dəvət göndərib

12 Noyabr 2019 16:36 (UTC+04:00)

"Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin iştirakı üçün bir neçə ölkəyə dəvət göndərib". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK-nın sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, adətən, bələdiyyə seçkilərində müşahidəçilər Prezident və parlament seçkilərinə nisbətən o qədər də çox olmur: "Amma MSK Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərmişik. Çünki adətən bələdiyyə seçkilərinə müşahidə aparırlar. Onların sözü, gəldiyi qənaət müəyyən beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır. Bundan əlavə, 15 müxtəlif ölkənin MSK-sına da dəvətlər göndərmişik. Həmçinin, Seçki Məcəlləsinin tələblərinə görə, Qeyri-Hökumət təşkilatları da müşahidəçilər dəvət etmək istəsələr, onların adından müraciət göndərə bilərik. Hesab edirəm ki, bələdiyyə seçkilərində müşahidəçilərin sayı kifayət qədər olacaq".