"Uşaqlar üçün dövlət səviyyəsində istirahət məkəzlərinin yaradılsın" TƏKLİF

12 Noyabr 2019 13:53 (UTC+04:00)

“2020-ci ilin dövlət büdcəsi üçün təklif edərdim ki, çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın və mümkün olduğu təqdirdə biraz daha da artırılsın”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Komitə sədri çıxışı zamanı güzətşi ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmasını da təklif edib.

O bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət məkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var: “Məncə sosial təminatı zəif olan, o cümlədən imtiyazlı ailələr, uşaqlar bu düşərgələrdə yararlana bilərlər. Bunun üçün büdcədən böyük vəsaitin ayrılması tələb olunmur”.

A.Naxçıvanlı vurğulayıb ki, 2020-ci ilin dövlət büdcəsində uşaqların dövlət tərəfindən təhsilə cəlb edilməsi və həvəsləndirilməsi baxımından ölkəmizdə yeni tikilib istifadəyə verilən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı vəsait proqnozlaşdırılıb: “Bununla yanaşı, məktəblərin pulsuz dərsliklərlə təmin olunması, alternativ qayğı üzrə tədbirlərin maliyyə təminatı, şərait və təchizatın yaxşılaşdırılması üçün xərclər də proqnolaşdırlıb. 2020-ci ilin büdcəsində elm xərclərinə 41.1, təhsilə isə 38 faizdən çox maliyyə ayrılıb”.