Seçki hüquqlarının qorunması üçün bütün addımlar atılacaq

12 Noyabr 2019 12:48 (UTC+04:00)

“Biz Mərkəzi Seçki Komissiyası olaraq Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması üçün bütün addımları atmalıyıq”.
SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda bu gün keçirilən seminar-müşavirədə deyib.
O, seçkilərdə seçki hüquqları ilə bağlı məsələlərdən narazı qalan vətəndaşların ilkin olaraq Dairə Seçki Komissiyasına müraciət etdiyini qeyd edib.
“Dairə Seçki Komissiyası da Mərkəzi Seçki Komissiyasına müraciət edir və Mərkəzi Seçki Komissiyasında qərar verilir. Şikayətçi bizim verdiyimiz qərardan narazı qaldıqda isə Apelyasiya Məhkəməsinə, oradan da narazı qaldıqda isə Ali Məhkəməyə müraciət edir. Yəni bütün bunlar vətəndaşlarımızın ali hüquqlarıdır", deyə Mərkəzi Seçki Komissiyasının sədri nəzərə çatdırıb.
MSK sədri həmçinin xatırladıb ki, Azərbaycan dünyanın demokratik ölkələrindən biridir.
“Buna heç kim şübhə edə bilməz. Seçkilərimizi də demokratik qaydada keçirəcəyik”, deyə Komissiyasının sədri qeyd edib.
Nəzərə çatdıraq ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.