Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib FOTOLAR

12 Noyabr 2019 10:33 (UTC+04:00)

Qazaxıstanın Almatı şəhərində Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Almatının Dostluq evində keçirilən “Xalqın birliyi ölkənin gücüdür” adlı tədbirdə Qazaxıstanın Xalq Assambleyası katibliyinin sədr müavini Janseit Tuymebayev, “Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyinin sədri Əbülfəz Xamedov, Azərbaycanın Almatı şəhərindəki nümayəndəliyinin konsulu Ramil Rzayev, şəhər maslixatının deputatları, ziyalılar, etnik–mədəni birliklərin, vətəndaş cəmiyyəti institutlarının, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

"Xalqın birliyi ölkənin gücü” mövzusunda dəyirmi masa, dekorativ-tətbiqi sənət sərgisi, “Kitab xalqın ruhunu tanımağın açarıdır” sərgisi, yaradıcı kollektivlərin konserti, həmçinin “Dostluq dastarxanı” milli mətbəxin nümayişi keçirilib.

Qazaxıstan Xalqlar Assambleyası sədr müavini Janseit Tuymebayev tədbirdə çıxış edərək qardaş xalqın nümayəndələrinin Qazaxıstanın inkişafına verdikləri töhfələri vurğulayıb. Bildirib ki, etnik Azərbaycan nümayəndələri arasında Qazaxıstanın iqtisadi, mədəni və siyasi inkişafına töhfə verən sahibkarlar, mühəndislər, elm, təhsil, mədəniyyət və idman xadimlərini görmək olar.

Tədbirin əsas məqsədi ictimai həmrəyliyin və ümummilli birliyin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və dostluq əlaqələrinin inkişaf etdirilməsidir.

Bu gün Qazaxıstanda 130 min etnik azərbaycanlı yaşayır. Onların əksəriyyəti ölkənin cənub regionlarında – Türküstan, Almatı, Cambıl vilayətlərində, həmçinin Almatı və Şımkənd şəhərlərində yaşayır.

Qeyd edək ki, hazırda bütün ölkə üzrə 32 mədəniyyət birliyi fəaliyyət göstərir. Almatı vilayətində Azərbaycan dilində “Vətən” qəzeti nəşr olunur. Azərbaycan dili və mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədilə musiqi və rəqs kursları yaradılıb. “Bahar” rəqs qrupu, həmçinin milli çalğı alətləri və folklor kollektivləri fəaliyyət göstərir.