“Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” Xivə şəhərində qeyd olunub

11 Noyabr 2019 17:30 (UTC+04:00)

Özbəkistanın Xarezm vilayətində keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" vilayətin mərkəz Urgənç şəhərindən sonra Xivə şəhərində davam edib. İpək Yolu üzərində yerləşən, möhtəşəm abidələri ilə dünyanı heyran qoyan Xivə çoxsaylı xarici turist üz tutduğu böyük mədəniyyət mərkəzidir.

Xivə şəhərinin mərkəzində 40 hektar ərazidə yerləşən İçən-Qala dövlət qoruğunun qədim sarayında təşkil olunan "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" tədbiri yüksək səviyyədə qeyd olunub.

SİA-nın məlumatına görə, tədbirdə vilayətin tanınmış şəxsləri, elm, mədəniyyət, incəsənət xadimləri, alimlər, ictimaiyyətin nümayəndələri, çoxsaylı turistlər və jurnalistlər iştirak ediblər.

Foyedə hazırlanan sərgidə Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər nümayiş olunub.

Xarezm vilayət hakiminin müavini Temur Davletov qonaqları salamlayıb, Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən, onların möhkəmləndirilməsi istiqamətində görüləcək işlərdən danışıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov öz çıxışında Böyük İpək Yolunun üzərində yerləşən, dünya mədəniyyətinə misilsiz töhfələr verən Azərbaycan və Özbək xalqlarının istedadından danışmış, ölkələrimiz arasındakı strateji partnyorluq, günü-gündən yüksələn Özbəkistan-Azərbaycan arasındakı münasibətlər haqqında çıxış edib.

Diplomat Bakıda Türk Şurasının üzv ölkələrinin Zirvə Görüşü çərçivəsində iki ölkə prezidentlərinin görüşünü əməkdaşlığımız üçün yeni imkanlar açdığını bildirib.

"Kaspi" qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva qədim tarixə malik Xarezm torpağında mədəniyyət günlərinin keçirilməsindən məmnun olduğunu bildirib. Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan belə bir tədbirin keçirilməsi, burada Azərbaycan muğamlarının və xalq mahnılarımızın səslənməsi insanlara böyük sevinc bəxş edib. S. Vəliyeva belə səfərlərin tez-tez keçirilməsinin vacibliyindən danışıb.

"Özbəkturizm" Dövlət Komitəsinin Beynəlxalq əlaqələri nümayəndəsi Ənvər Yusupov tədbirin əhəmiyyəti haqqında danışaraq, Xorezmin yerli əhalisi ilə yanaşı çoxsaylı turistlər üçün də Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin əhəmiyyətindən danışmış. Xalqlarımızın dostluq əlaqələri, Özbəkistan-Azərbaycan arasındakı mədəniyyət və turizm sahəsində əməkdaşlıqdan danışaraq, son zamanlar bu işdə xeyli yeni layihələr həyata keçirildiyini bildirmişdir.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olunub. Özbək tələbələr "Qarabağ şikəstəsi"nin sədası altında Azərbaycan milli libaslarını, Qarabağa aid qadın və kişi geyimlərini nümayiş etdiriblər.

Tədbir Azərbaycan müğənnilərinin iştirakı ilə konsertlə davam edib. Tədbir konsert proqramında Azərbaycanın əməkdar artistləri, tanınmış muğam ustaları Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva Azərbaycan xalq mahnılarını, muğamlarımızı ifa ediblər.

Xanəndələri tarda Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilən "Şərq təranələri" XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayiət edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Xatırladırıq ki, Özbəkistanın Xarezm vilayətindəki "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Xarezm vilayət hakimiyyəti, "Özbəkturizm" Dövlət Komitəsi, Azərbaycandakı "Kaspi" qəzeti və eyniadlı təhsil şirkətinin dəstəyi ilə keçirilir.