Parisdə islamafobiya əleyhinə keçirilən yürüşdə müxtəlif şüarlar səsləndirilib

11 Noyabr 2019 02:27 (UTC+04:00)

“Dini tənqidə hə, dindarlara nifrətə yox”, “İslamafobiyaya stop”, “Birgə yaşamaq üçün təcili hərəkət etmək lazımdır” kimi şüarlar Parisdə keçirilən islamafobiya əleyhinə yürüşdə səsləndirilib.

SİA xəbər verir ki, islamafobiya əleyhinə küçəyə sıxan insanlar paytaxtın Şimal Vağzalından (Gare du Nord) “Xalq” (Nation) meydanına doğru yürüş ediblər.

Oktyabr ayında Burqony-Franş-Komte (Bourgogne-Franche-Comte) regionunda regional Şuranın iclasında başıörtülü müsəlman qadınının iştirakına Milli Birlik partiyasının nümayəndəsinin münasibəti və Bayon məscidini yandırmaq cəhdinin qarşısını alan müsəlmanların yaralanmasından sonra müsəlmanlar əleyhinə aktların artması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Aparılan sosial sorğuların nəticələrinə əsasən, ölkədə hər 10 müsəlmandan təxminən 5-i diskriminasiyaya və rasist aktlara məruz qalıb.

Parisdə təşkilatçılar yürüşdə 40-50 min, “Occurence” sosial sorğu kabineti isə 13500 insanın iştirak etdiyini bildirib.

Qeyd edək ki, Fransada digər xalqlarla münasibətdə müsəlmanlara qarşı diskriminasiya və təzyiqlər daha çoxdur. İFOP sosial sorğu mərkəzinin apardığı sorğuya əsasən, Fransada yaşayan müsəlmanların 42 faizi dininə görə ən azında bir dəfə diskriminasiyaya uğrayıb. Son 5 ildə müsəlmanların 40 faizi rasist davranışlara məruz qalıblar ki, bu da əhalinin digər üzvləri ilə müqayisədə 2 dəfə çoxdur. Respondentlər 2014-cü ildən etibarən tez-tez (13 faiz), hərdənbir (22 faiz) və ən azında 1 dəfə (5 faiz) rasist davranışa məruz qaldığını bildirib.

“Franceinfo” kanalının verdiyi məlumata əsasən, Daxili İşlər Nazirliyində ötən il islamafob aktlara və hədələrə dair 100 şikayət qeydə alınıb. 2015-ci ildə 429 şikayətin daxil olduğu bildirilib. Qeyd edilir ki, bu rəqəmlər reallığı əks etdirmir. Dövlət tərəfindən şikayət ərizələrinə heç bir reaksiya olmadığı üçün diskriminasiyaya məruz qalan insanlar şikayət verməyin faydasız olduğunu düşünərək şikayət ərizəsi ilə müraciət etmirlər.

Fransa Müsəlmanları Şurası (CFCM) isə ötən il 50 təhqir və hədə məktubu alıb. Şura bildirib ki, 2018-ci ildə 600 islamafob aktı qeydə alınıb.