Boliviya Prezidenti ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini bəyan edib

10 Noyabr 2019 19:23 (UTC+04:00)

Bu gün Boliviya Prezidenti Evo Morales ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini bəyan edib.

SİA "TASS" agentliyinə istinadən bildirir ki, bu barədə E.Moralesin özü məlumat verib.

Prezident keçirdiyi mətbuat konfransında deyib ki, xalq seçki yolu ilə yeni hökumətini seçəcək. E.Morales seçkiləri Ali Seçki Məhkəməsinin yeni tərkibinin keçirəcəyini söyləyib: “Mən istəyirəm ki, gərginliyin azalması üçün hər şey edək. Hamıdan sabitliyin qorunmasını xahiş edirəm”.

Qeyd edək ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E.Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Onun əsas rəqibi - sabiq prezident Karlos Mesa isə Moralesin qələbəsini qəbul etmədiyini bildirib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları və tətillər başlayıb. E.Morales fövqəladə vəziyyət rejimi elan edib və müxalifəti dövlət çevrilişinə cəhddə günahlandırıb.

Noyabrın 8-də Boliviyanın bir neçə şəhərində polislər də etiraz aksiyalarına qoşulub. Baş verən toqquşmalarda və etirazlarda indiyədək 3 nəfərin öldüyü, 380 nəfərin xəsarət aldığı barədə məlumatlar var.