Teatrda mövsümün ilk premyerası Notr-Dam kilsəsində baş vermiş yanğına ithaf olunacaq

10 Noyabr 2019 13:45 (UTC+04:00)
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 110-cu mövsümün ilk premyerası - "Paris Notr-Dama ithaf" tamaşası təqdim olunacaq. SİA-nın məlumatına görə, Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında hazırlanan tamaşanın librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsusdur. İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr - Dam kilsəsində 2019-cu ilin 15 aprelində baş vermiş yanğın hadisəsinə ithaf olunub. Səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı "Paris Notr-Dam kilsəsi" romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında "Paris Notr-Dam kilsəsi" və ya "Notr-Damlı Qozbel" adları ilə dəfələrlə səhnələşdirlib. Tamaşada "Notre-Dame de Paris" müziklına görə Ginnesin "Rekordlar" kitabına düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib. Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeyster Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər– Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcəklər. Qeyd edək ki, "Paris Notr-Dama ithaf" tamaşası noyabrın 14, 15 və 30-u tarixlərində saat 19:00-da, 29-u tarixndə isə saat 14:00-da oynanılacaq.