DİN və Baş Prokurorluq Gəncədə törədilən qətllə bağlı KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib

8 Noyabr 2019 21:03 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə 8-ci sinif şagirdinin guya atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb. DİN-in və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, həmin xəbərlər həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Məlumatda qeyd olunub ki, cari il oktyabrın 8-də Gəncədə şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyənləşdirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, əməliyyat tapşırıqları və müvafiq sorğular verilib. Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.