"Üç rəngli bayrağımız dünyanın hər yerində tanınır, hörmət edilir" RƏY-ÖZƏL

8 Noyabr 2019 14:07 (UTC+04:00)

“Bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikasının Bayrağı Azərbaycanın dövlət rəmzidir. Ölkəmizin üç rəngli bayrağı dövlət rəmzi olaraq 1918-ci il 9 noyabrda qəbul edilib. Uzun müddət Sovetlər Birliyi dövründə bayrağımız dəyişdirilərək yeni ruhda qəbul edilib. Üç rəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının dahi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclinin Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sesiyasında Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib və Azərbaycan SSR Ali Söveti qarşısında üç rəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsadət qaldırıb”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkilİ Eldəniz Səlimov deyib.

O bildirib ki, ikinci dəfə üç rəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi, Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Ümumxalq referendum ilə qəbul edildi və Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb.

Deputat söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev Ulu öndərin Milli mənafeyinə əsaslanan siyasətini də bütün sahələrdə uğurla davam etdirir: “Dövlət başçısının sərəncamı ilə Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması xalqımız tərəfindən yüksək qarşılandı. Yaradılmış dövlət bayrağı meydanı dünyada ən möhtəşəm bayraq meydanlarından biri olmaqla hündürlüyünə görə Ginnesin rekordlar kitabına daxil olub. Respublikamızın hər bir guşəsində bayraq meydanı və bayraq muzeyləri təşkil edilib. Bu da dövlət rəmzimiz və milli kimliyimizə böyük diqqətdən irəli gəlir”.

E. Səlimov qeyd edib ki, bu gün Azərbaycan Dövlətinin üç rəngli bayrağı dünyanın hər yerində tanınır, hörmət edilir: “Azərbaycan bayrağın daha da yüksəkliklərə qaldırılması hər birimizin vətəndaşlıq borcudur. Son aprel hadisələrində işğaldan azad olunmuş yüksəkliklərdə dövlət bayrağının dalğalanması Azərbaycan ordusunun qələbəsidir. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan bayrağı əzəli və əbədi torpaqlarımız olan Şuşada, Xankəndində və digər şəhərlərimizdə dalğalanacaq”.