Daşkənddə ŞƏT Regional Antiterror Strukturunun konfransı keçirilib

8 Noyabr 2019 11:47 (UTC+04:00)

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Regional Antiterror Strukturunun VII beynəlxalq elmi-praktik konfransı keçirilib. SİA xəbər verir ki, tədbirdə ŞƏT-in üzvü olan, həmçinin müşahidəçi ölkələrin nümayəndələri, BMT, MDB, ATƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

ŞƏT Regional Antiterror Strukturunun direktoru Jumaxon Qiesov terrorizm, separatizm və ekstremizmlə mübarizədə təşkilatın üzvü olan ölkələrlə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi istiqamətində bu qurumun mühüm rol oynadığını bildirib. O deyib ki, ŞƏT Regional Antiterror Strukturu terrorizmlə mübarizədə beynəlxalq qüvvələrin birgə səyini dünyada təhlükəsizliyin və sabitliyin təmin olunmasında əsas amil kimi dəyərləndirir.

Tədbir çərçivəsində “ŞƏT məkanında terrorizm və ekstremizmlə mübarizədə milli təcrübə” mövzusunda seminar da keçirilib. Seminarda Özbəkistan, Çin, Rusiya, Hindistan, İran və digər ölkələrin ekspertlərinin çıxışları dinlənilib, əməkdaşlıqla bağlı bir neçə sənəd imzalanıb.

Xatırladırıq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində çıxış edir.