"Ermənistan hökuməti Konstitusiya məhkəməsini ləğv edir" "PAST"

7 Noyabr 2019 13:09 (UTC+04:00)

Ermənistanın “Past” qəzetinin yazdığına görə, ölkənin Konstitusiya məhkəməsi ətrafında gedən proseslər ermənilərin siyasi həyatında ən çox danışılan, eləcə də həlledici məsələyə çevrilib. “Baxmayaraq ki, hökumət bütün mümkün və qeyri-mümkün yollarla Konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyandan qurtulmağa çalışır, ancaq bu təşəbbüslər istənilən nəticəni vermir”, yazan erməni nəşri əlavə edib ki, buna qədər Nikol Paşinyan beynəlxalq ekspertlərin və konstitusiya hüququ üzrə mütəxəssislərin iştirakı ilə bir neçə dəfə qapalı müzakirələr aparıb.

“Past” etibarlı mənbəsinə istinadən onu da yazır ki, həmin görüşlər nəticəsində artıq ilkin siyasi qərar qəbul olunub. Həmin qərara görə, Hrayr Tovmasyandan nəinki qurtulmaq, həmçinin bir institut kimi, Konstitusiya məhkəməsini bütünlüklə ləğv etmək imkanı yaranacaq.

“O da təsadüfi deyil ki, son vaxtlar hakimiyyət yönlü ekspertlər dairəsi bu kimi fikirləri tezis kimi işlədirlər, deyə erməni nəşri qeyd edir: “Bu minvalla Konstitusiya məhkəməsinin Ermənistanın məhkəmə-hüquq institutu sistemindən tamamilə ləğvi ətrafında danışılanlar yaxın günlərdə daha çox ictimailəşdiriləcək və bu barədə yalnız yaz aylarında bəyan ediləcək”