Rəssamlardan Türkiyəyə əsgər salamı

7 Noyabr 2019 12:09 (UTC+04:00)

"Azərkitab" kitab mərkəzində "Qarabağ Azərbaycandır" adlı rəsm əsərlərindən ibarət sərgi açılıb. SİA-nın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyi, YAP-in Yasamal Rayon Təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu və 16 qeyri hökumət təşkilatının dəstəyi ilə keçirilən tədbir Bayraq Gününə həsr olunub.

Qarabağın Ermənilər tərəfindən işğalına qarşı döyüşərkən şəhid olan qəhrəmanların təsvir edildiyi sərginin açılışında Türkiyənin terrorla mübarizəsi də unudulmayıb. Sərgiyə qatılan rəssamlar əsgər salamı verərək Türkiyənin Sülh Çeşməsi əməliyyatını dəstəkləyiblər.

Sərginin açılışında iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşaviri Hüseyn Altınalan Qarabağın bütün Türk dünyasının yarası olduğunu söyləyərək Azərbaycan bayrağının tezliklə Qarabağda dalğalanmasını arzu edib: "Azərbaycanın dərdi dərdimiz, sıxıntısı sıxıntımız, kədəri kədərimiz, sevinci sevincimizdir. Bu səbəbdən işğal altındakı bu torpaqlar azad edilənə qədər Türkiyə Ermənistana qarşı mübarizədə Azərbaycanın yanında olmağa davam edəcək".

H.Altınalan çıxışında Türkiyənin yaxın günlərdə PKK/YPG terror təşkilatına qarşı Suriyanın şimalında əməliyyat keçirdiyini xatırladaraq türk əsgərinə dəstək istədi. Altınalanın istəyi əsərləri ilə sərgidə iştirak edən rəssamlar tərəfindən alqışlarla qarşılanıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamlar əsgər salamı verərək Türkiyə ordusuna dəstək olduqlarını nümayiş etdiriblər.

Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, sərginin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır.

Aysel Məmmədova