Bakıda baş verən avtobus qəzasının səbəbi məlum oldu

6 Noyabr 2019 13:00 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) noyabrın 4-də iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumata yayıb. SİA-nın məlumatına görə, BNA-dan bildirilib ki, Nizami rayonunun Qara Qarayev prospektində “Azlənd Plaza”MMC-nin müvəqqəti istismarında olan 57 nömrəli xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə "BakuBus" MMC-nin müvəqqəti istismarında olan 7A nömrəli xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub. Təəssüf ki, hadisə nəticəsində 57 nömrəli marşrutu üzrə hərəkət edən avtobusun sərnişinlərindən bəziləri xəsarət alıb.

Aparılan ilkin araşdırma zamanı məlum olub ki, 57 nömrəli marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və idarəetməni itirərək nəqliyyat vasitəsini həmin vaxt dayanacaqda olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpıb:

"Aparılan təhlillər bir daha onu göstərir ki, bu cür yol nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri özəl daşıyıcıların gediş haqlarını nağd şəkildə (plan əsasında) həyata keçirməsidir. Belə olan halda sürücülər, daha çox sərnişin daşımaq üçün digər sürücülərlə bəhsə girərək, təhlükəli ötmə əməliyyatları və manevrlər edirlər ki, bu da qəza riskini artır.

Bu cür qəzaları şərtləndirən digər bir amil sürücülərin iş və istirahət vaxtı ilə bağlı qanunvericiliyin tələbinin pozulmasıdır. Daşıyıcılar sürücüləri qanunvericilikdə nəzərdə tutulmuş normadan 2 dəfə artıq işlədirlər ki, bu da onların sükan arxasında avtobusları yorğun halda idarə etmələrinə gətirib çıxarır.

Bu cür halların baş verməməsi, sərnişindaşımada göstərilən xidmətin həm keyfiyyət, həm də təhlükəsizlik nöqteyi-nəzərdən yüksəldilməsi məqsədi ilə mütəmadi olaraq daşıyıcılarla iş aparılır. Xüsusi ilə sürücülərin peşəkarlığı, onların yol hərəkəti qaydalarına riayət etmələri, sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması üçün Agentlik tərəfindən daşıyıcılara zəruri tapşırıqlar verilir. Buna baxmayaraq, daşıyıcılar, onların dispetçer və sürücü heyəti tərəfindən sərnişindaşıma və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl olunmur. Bir daha qeyd edirik ki, bu cür qayda pozuntularına yol verən şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada tədbirlər görüləcək, sərnişindaşıma xidmətlərinin göstərilməsinə laqeyd yanaşan daşıyıcılar daşımalardan kənarlaşdırılacaq".