Rəsmi Moskva Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bu gün Rusiyanın Soçi şəhərində görüşü zamanı müzakirə olunacaq mövzuları açıqlayıb. SİA-nın xəbərinə görə, prezidentlər görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri, atəşkəs rejiminin möhkəmləndirilməsi və hərbi sahədə inam və etimad tədbirlərini müzakirə edəcəklər. Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı xəbərə görə, görüşdə üç ölkə prezidentinin növbəti danışıqlarında Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri ilə bağlı müzakirələrin davam etdiriləcəyi gözlənilir.
Eyni zamanda məlumatda deyilir: "Dağlıq Qarabağ münaqişəsinin həllinə təmas xəttindəki vəziyyətin sabitləşməsi yardım edə bilər. Bununla əlaqədar prezidentlər Həştərxan bəyannaməsinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi apara bilərlər. Astanada 1 dekabr 2010-cu il tarixdə ATƏT-in sammiti çərçivəsində Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı əlavə münbit şərait yaradır. Eyni zamanda Astana bəyannaməsində Azərbaycan və Ermənistan rəhbərləri diqqəti mübahisələri məsələlərin həllinə yönəltməyə çağırış edilir və bildirilir ki, münaqişə tərəfləri arasında sülhə nail olmağın yeganə yolu danışıqlardır".
Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında həmçinin Soçi sammitinə hazırlıq dövründə xarici işlər nazirləri səviyyəsində, eləcə də, ATƏT-in Minsk qrupunun həmsədrləri formatında işlər aparıldığı barəsində məlumat yer alıb: "Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin məsləhətləşmələri ötən il noyabrın 6-sı, noyabrın 22-si, dekabrın 9-u və bu il yanvarın 24-də keçirilib. ATƏT-in Minsk qrupunun Ermənistan və Azərbaycan prezidentləri ilə son görüşləri isə müvafiq olaraq fevralın 9-u və 11-də olub".
Qeyd edək ki, bu gün Soçidə keçiriləcək zirvə toplantısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə həsr edilmiş sayca səkkizinci üçtərəfli görüş olacaq.