Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi “Happy Cup” adlı beynəlxalq turnir keçirilib.
SİA-nın xəbərinə görə, turnirdə ölkəmizi Fatimə Əkbərova, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Mədinə Dəmirova, Kamilla Əliyeva, Alina Gözəlova və Məryəm Əliyeva təmsil ediblər.
Gimnastlarımız arasında ən yaxşı nəticəni 2009-cu il təvəllüdlü gimnastların yarışında çıxış edən G.İbrahimova göstərib. O, həm çöxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Bu yaş qrupunda yarışan M.Əliyeva isə çoxnövçülükdə 6-cı yeri tutub.
Növbəti qızıl medalların sahibi K.Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimnastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla yarışlarda fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Bu yaş qrupunda çıxış edən digər gimnast M.Dəmirova çoxnövçülükdə 12-ci olub.
Gənclər yaş qrupunda çoxnövçülükdə mübarizə aparan A.Gözəlova 6-cı, K.Əliyeva isə 8-ci yerdə qərarlaşıblar.
Böyüklər arasında yarışan F.Əkbərova çöxnövçülük yarışlarında 6-cı olub.