Eynulla Fətullayevin azad olunması üçün beynəlxalq təşkilatlar niyə canfəşanlıq edir? - SORĞU

5 Mart 2011 03:08 (UTC+04:00)

"Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda iki günlük beynəlxalq konfrans dünən öz işini yekunlaşdırdı. Konfransın sonunda Azərbaycanda media etikası, şəffaflıq və redaksiya müstəqilliyi bəyannaməsinin müzakirəsi və imzalanması zamanı isə çıxış edənlər arasında söz çəkişməsi gərginliyi ilə yadda qaldı. Eynulla Fətullayevin "həbs edilmiş jurnalist" olduğunu əsas gətirərək onun azad olunmasını və buna görə Prezidentə müraciət edilməyin vacib olduğu bəyannaməyə salanlara "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev kəskin etiraz etdi. O, Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money Kyrieyə xitabən "sizin siyahıda Eynulla Fətullayev jurnalist fəaliyyətinə görə həbs olunanlar kimi qeyd olunub. Amma məlum olduğu kimi, Eynulla törətdiyi konkret cinayət əməlinə görə həbs olunub. Əgər bu belədirsə, onun azadlığa buraxılması üçün jurnalistlərin nüfuzundan niyə istifadə olunmalıdır?", - deyib. Bəhruz Quliyev ilə yanaşı bir neçə tədbir iştirakçısı da Eynulla Fətullayevin adının bəyannaməyə salınmasına etiraz ediblər. Doğrudanmı, hansısa jurnalist həbsdə olan digər jurnalistlərdən fərqli olaraq hansısa əlahiddə hüquqları var? Məsələyə bir neçə qəzet redaktorunun münasibətini öyrəndik.

 

Hikmət Babaoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru:

- Bu gün Azərbaycanda hüquqi dövlət bərqərar olub, vətəndaş cəmiyyəti mövcuddur, ölkəmizdə insan hüquqları, özünüifadə azadlığı təmin olunub. Qanun dövlət tərəfindən müəyyənləşdirilmiş ümumi məcburi davranış qaydası olduğu üçün heç bir halda hər hansı bir peşə sahibinin qanun qarşısında əlahiddə statusu yoxdur. Qanun qarşısında hamı bərabərdir və hər kəs qanunlara əməl etməlidir. Bəzi hallarda müxtəlif peşə sahibləri, xüsusilə də, jurnalistlər peşə statusundan sui-istifadə etməyə cəhd göstərirlər. Onlar bu peşə statusu çətiri altında müxtəlif qanun pozuntularına yol verirlər. Bunlardan biri də Eynulla Fətullayevdir. O, peşə fəaliyyətinə əsasən deyil, Cinayət Məcəlləsinin konkret maddələri üzrə törətdiyi cinayətlərə görə həbs olunub. Yəni, onun həbsinin peşə fəaliyyətilə heç bir əlaqəsi yoxdur. Əgər Eynulla Fətullayevin həbsi fikir və söz azadlığını məhdudlaşdırmaq məqsədilə olsaydı, onda bu gün onun, həbsdə ola-ola mətbuatda etdiyi çıxışların qarşısı alınardı. Yəni, Eynulla Fətullayev bu gün həbsdədir, amma Azərbaycan mətbuatında onun fikirləri gen-bol öz əksini tapır. Belə olanda, bəs, məntiq harda qalır? Eynulla Fətullayevin həbsdə ola-ola öz fikirlərini Azərbaycan mətbuatında açıq şəkildə ifadə etməsi, bir daha ölkəmizdə söz və mətbuat azadlığının olduğunu təsdiqləyir. Bu onu göstərir ki, Eynulla Fətullayev peşə fəaliyyətinə görə həbs olunmayıb. Mən qəti əleyhinəyəm ki, bu həbs peşə fəaliyyətilə əlaqələndirilsin və Azərbaycanda mətbuat azadlığının olmaması kimi qimətləndirilsin.

 

Yunus Oğuz, "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru:

 

- Jurnalistlərin hamısı jurnalist fəaliyyətinə görə, həbs olunublarsa onlar azad olunmalıdır. Fərqi yoxdur, bir, yaxud da beş nəfərdir. Eyni zamanda müxalifət və ya iqtidar olmasından asılı olmayaraq. Bir nəfərin məsələsini qoymaq olmaz. Eynulla Fətulayev əlahiddə bir adam deyil ki. Bir neçə jurnalist həbs olunubsa, onların azad olunması üçün çalışmaq lazımdır. Biz hakim, yaxud prezident deyilik. Biz təklif verə bilərik. Ancaq bir nəfəri o birilərindən ayırmaq düzgün deyil. Kifayət qədər başqa insanlar da var. Onların adını bəyannaməyə niyə salmırıq? Yalnız bir nəfərin adını salmaqda niyə maraqlıdırlar? Bu məsələ mənim üçün çox maraqlıdır. Jurnalist Azərbaycan dövlətinin vətəndaşıdır. Azərbaycanın Konstitusiyasında təsbit olunan hüquqlar eyni zamanda jurnalist üçündür. Jurnalist müstəsna deyil. Jurnalistin əlahiddə imtiyazları niyə olmalıdır?

 

Vüqar Rəhimzadə, "İki Sahil" qəzetinin Baş redaktoru: 

 

- Eynulla Fətullayevin adının Azərbaycanda media etikası, şəffaflıq və redaksiya müstəqilliyi bəyannaməsinə daxil edilməsi qətiyyən düzgün deyil. Eynulla Fətullayev jurnalist fəaliyyətinə görə deyil, törətdiyi əmələ görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub. Qanun qarşısında hamı bərabərdir. Jurnalist də digər peşə sahibləri kimi Azərbaycan vətəndaşıdır və hər hansı bir cinayət törədirsə Cinayət Məcəlləsinin müvafiq madəlləri ilə və Konstitusiya ilə müəyyən olunan məsuliyyəti daşıyır. Azərbaycanda söz və fikir azadlığı kifayət qədər yüksək səviyyədə təmin olunub. Mətbu nəşrləri təsis etmək xeyli dərəcədə sadələşdirilib, nəşriyyatların sayı da kifayət qədərdir. Mətbuat azadlığı, söz, fikir azadlığı üçün dövlət səviyyəsində nə lazımdırsa olunub, kifayət qədər şərait yaradılıb. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ayırdığı vəsait ilə mətbuat maddi-texniki bazasını xeyli yaxşılaşdırıb. Fondun keçirdiyi fərdi jurnalist müsabiqələri jurnalistlərin peşəkarlığının artırılması üçün yaxşı imkan yaradır. Söz azadlığının pozulması ilə bağlı deyilənlər kimlərinsə qərəzli fikirləridir.

 

Aydın Quliyev, "Bakı Xəbər" qəzetinin baş redaktoru: 

 

- Doğrudur, Eynulla Fətullayev peşə fəaliyətinə görə deyil, Cinayət Məcəlləsinin konkret maddələrinə görə həbs olunub. Həmçinin Eynulla Fətullayev bu gün həbsdə olan yeganə jurnalist deyil. Amma o biri jurnalistlərdən fərqli olaraq Eynulla Fətullayevin adı beynəlxalq təşkilatlarla tez-tez hallanır, beynəlxalq təşkilatlar tərəfindən onun azadlığa buraxılması daha çox qabardılır. Heç də təsadüfi deyil ki, Eynulla Fətullayeva görə, Azərbaycan hökuməti ilə beynəlxalq təşkilatlar arasında bir neçə dəfə problem yaranıb. Məhz buna görə də onun adının Azərbaycanda media etikası, şəffaflıq və redaksiya müstəqilliyi bəyannaməsinə daxil edilməsi, azad olunması üçün dövlət başçısına müraciət olunmasını məqbul hesab edirik. Bu Azərbaycanın demokratik nüfuzu baxımından da önəmlidir.