“Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsi keçirilir

1 Noyabr 2019 15:40 (UTC+04:00)

Yeni Azərbaycan partiyası Nəsimi rayon təşkilatı tərəfindən 1 noyabr 2019-cu il tarixində rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsi keçirilir.

ADU-dan SİA-ya verilən məlumata görə, bununla bağlı bütün universitetlərdə tələbə gənclər arasında maarifləndirmə aparılmışdır. Qısa müddət ərzində bu müsabiqədə iştirak etmək üçün 3000-dən çox gənc müraciət edib. Müraciət edənlərin arasında xarici tələbələr də var. Sözsüz ki, qardaş Türkiyədən olan gənclər daha çox üstünlük təşkil edir. Müsabiqə çərçivəsində Azərbaycan Dillər Universitetində müsabiqədə iştirak edən tələbələrlə görüş təşkil edilmişdir. Müsabiqədə Azərbaycan Dillər Universitetinin 500 artıq tələbəsi iştirak edir.

Görüşdə ADU-nun rektoru, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü, akademik Kamal Abdulla və Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi Rayon Təşkilatının sədri Məlahət İbrahimqızı və başqa rəsmilər iştirak edib. Öncə rektor akademik Kamal Abdulla millət vəkili Məlahət İbrahimqızını universitetdə salamladı və Prezident cənab İlham Əliyevin başlatdığı yeni siyasi xəttin dəstəklənməsi üçün çox önəmli işlərin görüldüyünü vurğuladı. Bu məsələdə Azərbaycan Dillər Universitetinin də müəllim və tələbələrinin aktiv iştirakını qeyd etdi. Müsabiqənin əhəmiyyətini, Azərbaycan xalqına, dövlətinə qarşı törədilən cinayətlərin və cinayətkarların gənc nəsil tərəfindən daha yaxşı tanınmasına böyük ehtiyacın olduğunu vurğuladı.

Sonra millət vəkili Məlahət İbrahimqızı çıxış edərək bütün layihələrdə ADU-nun xüsusi aktivliklə iştirakını dilə gətirdi. M.İbrahimqızı bildirdi ki, Prezidentin Valday görüşündəki önəmli sözləri Dillər Universitetinin tələbələri tərəfindən müxtəlif dillərə tərcümə edilərək sosial şəbəkələrdə dərhal yayıldı. Bu gün keçirilən inşa müsabiqəsində də Azərbaycan Dillər Universitetinin necə aktiv iştirak etdiyinə şahid oluruq. Bu məsələdə Xalq yazıçımız, akademik Kamal Abdullanın çox böyük əməyi vardır. Daha sonra Millət vəkili ADU tələbələrinin bu müsabiqədə də qalib olacaqlarına inamını bildirdi.

Sonra ADU Yap ilk ərazi təşkilatının sədri Sərraf Hüseynov çıxış edərək, inşa müsabiqəsinin şərtləri və yazı işlərinə qoyulan tələblərlə bağlı iştirakçılara məlumat verdi.

ADU Müəllim Həmkarlar Təşkilatının sədri Misgər Məmmədov öz çıxışında qeyd etdi ki, Həmkarlar Təşkilatı da bu layihəni dəstəkləyir və önəmini nəzərə alaraq mükafatlandırılacaq tələbələrin sayı qədər də tələbəyə rəhbərlik etdiyi təşkilat tərəfindən mükafat veriləcək.

Sonda tələbələr də çıxış edərək inşa müsabiqəsi ilə bağlı fikirlərini bölüşdülər, müsabiqədə iştirakın onlara şərəf verdiyini söylədilər.