İsmayıl Şıxlının xatirə lövhəsi açılacaq

4 Mart 2011 23:05 (UTC+04:00)

Martın 7-də xalq yazıçısı İsmayıl Şıxlının vaxtilə yaşadığı binada (Üzeyir Hacıbəyov, 27, Hökumət evi ilə üzbəüz) xatirə lövhəsinin açılışı olacaq. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi ilə yanaşı tanınmış ədəbiyyat və sənət adamları, ziyalılar, KİV nümayəndələri və yazıçının qohumları iştirak edəcək.

İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Yazıçının məşhur "Dəli Kür" romanı və roman əsasında çəkilmiş eyni adlı film onu milyonların sevimlisinə çevirmiş, həm ədəbiyyat, həm kino ictimaiyyəti arasında böyük qələm sahibi kimi şöhrətləndirib.

Yazıçının müxtəlif illərdə 20-dən artıq kitabı nəşr edilib. O, Azərbaycan Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışmış, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Xidmətlərinə görə "Qırmızı əmək bayrağı", İkinci dərəcəli "Birinci Dünya müharibəsi" ordenləri və medallarla təltif edilmiş, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını alıb.