Özünüzü sevin

1 Noyabr 2019 11:16 (UTC+04:00)

Günay ƏHMƏDOVA, onkoloq, tibb üzrə fəlsəfə doktoru

Yola saldığımız oktyabr ayı xərçənglə mübarizə ayı idi. Bu xəstəliyin nə qədər amansız olduğunu bildiyimiz üçün vaxtaşırı xanımları maarifləndirməyi özümüzə borc bilirik. Birbaşa mətləbə keçək, əziz xanımlar. Yəqin ki, aranızda həyatının müəyyən dövrlərində süd vəzi giləsindən axıntı gələn qadınlar var. Amma bunun üçün həkimə müraciət etməyi ağlınızdan keçirmirsiniz. Çox nahaq. Bilməlisiniz ki, süd vəzindən gələn axıntılar səbəbsiz deyil. Və bunun səbəbləri kimi və müalicə metodları da fərqli olur. Yəni rəfiqənizdən, qonşudan, ya da qohumdan eşitdiyiniz çarəni sizin eynilə tətbiq etməyiniz yanlış nəticələrə gətirib çıxara bilər.

Əvvəla, qeyd edək ki, süd vəzindən axıntının gəlməsi laktasiya-süd əmizdirmə dövründə təbii prosesdir, digər hallarda isə xəstəliklərlə bağlı olur. Yaş artdıqca süd vəzi axıntılarının patoloji proseslə əlaqədar olması ehtimalı da artır, buna görə də axıntının səbəbi vaxtında araşdırılmalıdır.

Bilin ki, süd vəzi axıntılarının əsas və ən çox rast gəlinən səbəbi hormonal problemlərdir. Təbiət bizi elə yaradıb ki, qadınların fizioloji və bioloji quruluşu kişilərlə müqayisədə daha mürəkkəbdir. Bunun səbəbi çoxalma sistemi, hamiləlik dövrü, hər ay dəyişən və təkrarlanan menstrual sikldir. Bütün bu proseslər eyni zamanda hormonal sistemi tənzimləyir. Hormonlardakı hər hansı dəyişiklik isə bədəndə tüklənmə, çəki artımı, menstruasiya pozuntuları və s. kimi bir çox problemlərə yol açır. Hormonal problemlər süd vəzindən axıntının gəlməsinə də səbəb olur. Yadda saxlayın ki, süd vəzinin fibrokistik xəstəliyi (mastopatiya), travmalar, vəzin özündəki yaxud giləsindəki çatlardan qaynaqlanan infeksiyalar axıntıların gəlməsinə səbəb ola bilər.

Müasir təbabət süd vəzi giləsindən gələn axıntıların beyinlə də əlaqəli ola bildiyini aşkara çıxarıb. Belə ki, beyində hipofiz vəzinin adenoması olduqda həmin hipofiz vəzində hazırlanan prolaktin hormonu hər iki süd vəzindən ifrazatın gəlməsinə səbəb olur. Əziz xanımlar, yadda saxlayın ki, antidepressantların, diazepamların, opioidlərin qəbulu, həmçinin hamiləlikdən qorunmaq üçün istifadə edilən dərmanlar, bəzi təzyiq dərmanları və s. də süd vəzindən axıntıya yol aça bilər. Ona görə də bütün hallarda diqqətli olmağınız vacibdir.

Praktika göstərir ki, yuxarıda sadaladığımız səbəblərlə yanaşı, 10 faiz halda axıntının səbəbi axardaxili papilloma və ya süd vəzi xərçəngi olur. Süd vəzi axarının daxilində papilloma əmələ gələn zaman süd vəzindən maye gəlməyə başlayır. Süd vəzi giləsini sıxmadan, özbaşına gələn, bir süd vəzindən, bir süd kanalından qanlı və ya bəyaz ifrazatın gəlməsi süd vəzi xərçənginin göstəricisi ola bilir. Təəssüf ki, bu cür axıntısı olan hər 12 qadından birində süd vəzi xərçəngi aşkar edilir. Ona görə də əgər özünüzdə bu əlamətləri görürsünüzsə, vaxtında həkimə müraciət edin ki, sonra gec olmasın.

Süd vəzindən gələn ifrazatın qiymətləndirilməsi və diaqnozun qoyulması zamanı axıntının rəngi; bir süd vəzindən, yaxud hər ikisindən gəlməsi; axıntının miqdarı; axıntı ilə yanaşı süd vəzinin dərisində dəyişikliyin olması; axıntıdan başqa süd vəzində törəmənin olması, yaxud quruluşunun dəyişilməsi; süd vəzindən axıntı gələn dövrdə qadında hormonal dəyişikliklərin yaranıb-yaranmaması öyrənilir ki, bütün bunlar xəstənin düzgün müalicə ala bilməsi üçün vacib əhəmiyyət daşıyır.

Biz həkimlər axıntıları klinik əlamətlərinə görə iki qrupa ayırırıq: fizioloji və patoloji axıntılar. Fizioloji axıntılar əsasən xoşxassəli səbəblərdən yaranır. Əksər hallarda süd vəzinin giləsini sıxan zaman ifraz olunur. Rəngi fərqli ola bilir, yəni bəyaz süd rəngindən sarı, qəhvəyi, yaşıl və qara rəngə qədər dəyişiklik göstərə bilir. Patoloji süd vəzi axıntıları isə əsasən bir süd vəzinin tək kanalından və giləni sıxmadan özbaşına gələn axıntılardır. Onların rəngi daha çox qanlı və ya su kimi şəffaf olur.

Gənc analar bilməlidir ki, süd vermə (yəni uşaq əmizdirmə) və süd vermədən sonrakı dövrlərdə axıntının olması normaldır. Bu dövrlərdə süd vəzində və dərisində şikayətlər yoxdursa, narahat olmağa dəyməz. Lakin süd vəzinin dərisində deformasiyaya, süd vəzinin özündə əllə hiss olunan kütləyə rast gəlinirsə, axıntının miqdarı çoxdursa mütləq mammoloqa müraciət etmək lazımdır. Çünki bu əlamətlər təhlükəli bir xəstəliyin – süd vəzi xərçənginin göstəricisi ola bilər. Ona görə də, özünüzü sevin və həkimə vaxtında müraciət edin. Erkən diaqnoz xəstənin müalicəsində böyük rol oynayır.

Məlumat üçün deyim ki, sözü gedən problemlə əlaqədar mammoloqa müraciət edən zaman ilk öncə ətraflı anamnez toplanır. Xəstələrə ultrasəs müayinəsi, 35 yaşdan yuxarı xanımlara isə həm də mammoqrafiya müayinəsi aparılır. Süd axarlarının daxilindəki prosesi daha dəqiq müəyyən etmək üçün duktoqrafiya, müəyyən hallarda MRT müayinəsi icra edilir. Bu müayinələrlə yanaşı axıntının morfoloji müayinəsinin aparılması olduqca vacibdir.

Sual oluna bilər ki, bəs müalicə prosesi nə qədər çəkir və nə qədər effektli olur? Xanımlar, bilin ki, müalicə prosesi ilk öncə axıntının hansı səbəbdən əmələ gəlməsi ilə sıx əlaqədardır. Əksər hallarda müalicə konservativ üsullarla, yəni dərmanlarla aparılır. Lakin axardaxili papillomalar aşkar olunubsa, onların sonradan xərçəngə çevrilməsinin əngəllənməsi baxımından müalicə prosesində cərrahi yolun seçilməsi qaçılmazdır. Ürəkli olun və sağlamlığınızı qoruyun. Can sağlığı ən böyük nemətdir.