Atası və ögey anası tərəfindən öldürülən 5 yaşlı qız Milli Məclisdə müzakirə edilib

4 Mart 2011 22:34 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri atası və ögey anası tərəfindən insanlığa sığmayan vəhşiliklə öldürülən 5 yaşlı Sevinc Şahlar qızı Həsənovanı müzakirə ediblər. SİA-nın xəbərinə görə, Gülər Əhmədova, Tahir Rzayev və Fazil Mustafa bir neçə gün əvvəl Bakıda 5 yaşlı uşağın valideynləri tərəfindən döyülərək öldürülməsi məsələsinə münasibət bildiriblər. Onlar bununla bağlı hadisəni törədənlərə daha sərt cəza verilməsini təklif ediblər.

 

Cari məsələlərin müzakirəsində deputat Gülər Əhmədova öldürülən 5 yaşlı qızın hadisəsini əsas götürərək ombudsmanın hesabatında uşaqlarla bağlı məsələnin yer almasını təklif edib. Deputat mobil operatorların biri ilə müzakirələr aparıb orada uşaqların qarşılaşdıqları təzyiqlər zamanı müvafiq qurumlara dərhal məlumat vermələrini təmin edən xüsusi sistem yaradılması təklifini irəli sürüb.

 

Qeyd edək ki, ölkədə böyük rezonans doğuran qanlı olay fevralın 26-sı axşam saatlarında Bülbülə qəsəbəsində baş verib. Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi döngə 13, 9 saylı evdə ata və ana nəvazişinə həsrət qalan S.Həsənova doğma atası və ögey anası tərəfindən qətlə yetirilib. Faciə barədə məlumat alan Suraxanı rayon Prokurorluğu və polis İdarəsinin əməkdaşları dərhal qızın aparıldığı xəstəxanaya yollanıblar.

 

Əlini qızının qanına bulayan Şahlar özünü itirmədən dərhal hüquq-mühafizə orqanlarının əməkdaşlarını aldatmaq istəyib. O, ərizə ilə müraciət edərək bildirib ki, qızı ekspertiza olunmasın. Çünki o, kreslodan yıxılaraq ölüb. Polis ailənın yaşadığı evə baxış keçirərkən Sevincin yatdığı çarpayının üzərində qanabənzər ləkələr olan balınc üzlüyü və bir ədəd döşəmə silən taxta aşkar edərək götürüblər.

 

Nəticədə aparılan digər ilkin araşdırmalar zamani müəyyən edilib ki, 26 fevral 2011-ci il tarixində axşam saat 22.00 radələrində Sevinc Həsənovanı valideynləri döyüb. Təkzibolunmaz sübutların qarşısında aciz qalan "ata" Həsənov qızının başına açdığı dəhşətli faciəni etiraf edib.