“BAKU – BRASS” konsert proqramı ilə çıxış edəcək- FOTO
4 Mart 2011 19:19 (UTC+04:00)
8 mart tarixində saat 19.00-da, KAPELLHAUS –Alman –Azərbaycan Mədəniyyət Birliyində "BAKU – BRASS" nəfəsli kvintetinin fərqli tərkibdə konserti keçiriləcək. Bu barədə SİA-ya musiqişünas Aybəniz Məmmədova məlumat verib.
Adıçəkilən kvintet Azərbaycanda nadir təsadüf olunan nəfəsli alətlər tərkibi əsasında qurularaq 2009`cu ildən fəaliyyətdədir. Kvintetə 2 truba: Sirus Məmmədov(bədii rəhbər), Rövşən Quliyev, valtorna: Andrey Sabayev, trambon: Kamal Tapdıqov, tuba: Əli Hacıyev (Azərbaycan Respublikasının əməkdar artisti) daxildir. Qrupda fəaliyyət göstərən bütün ifaçılar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Simfonik Orkestrinin solistləri, bir çox beynəlxalq, eləcə də respublika müsabiqələri laureatlarıdırlar.
Qeyd edək ki, "BAKU –BRASS" kvinteti bir çox maraqlı layihələrlə çıxış edərək, dəfələrlə öz peşəkarlıqlarını nümayiş etdirib. Konsertin ansambl tərkibinə olunan əlavə - zərb alətləri ifaçısı Ucal Məmmədxan və vokalçı, beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova(soprano) ilə birgə çıxışın onu daha da yaddaqalan edəcəyindən əminik.
Konsertin proqramına J.Offenbach, G.Miller, D.Ellington, B.Broughton, R.Mendes, J.Gale, J.P.Sousa, R.Strauss kimi müxtəlif dövrlərin tanınmış bəstəkarlarının əsərləri daxil edilib.
Qeyd edək ki, konsertə giriş sərbəstdir.