ÜST Azərbaycan nümayəndəliyi seminar keçirib

30 Oktyabr 2019 15:22 (UTC+04:00)

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi “İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması” adlı seminar keçirib. SİA-nın verdiyi məlumata görə seminar mediya nümayəndələri üçün nəzərdə tutulub.

Seminarda ÜST Azərbaycan nümayəndəsi Hande Harmancı, Qeyri yoluxucu xəstəliklər üzrə ÜST-nin kommunikasiya mütəxəssisi Tina Kiaer, ÜST-nin ictimai, səhiyyə və səhiyyə sistemləri üzrə kommunikasiya mütəxəssisi Sampreethi Aipanjiguly iştirak ediblər.

ÜST Azərbaycan nümayəndəsi həkim Hande Harmancı ilkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəlikləri vurğulayaraq, ÜST-nin sağlamlığın keşiyində rolu və ölkədə olan əsas səhiyyə problemlərindən bəhs edib.

H.Harmancı keçirilən tədbirin önəmini bir daha vurğulayaraq mediya nümayəndələri ilə bu cür tədbirin təşkilat tərəfindən ilk dəfə keçirildiyini qeyd edib. Daha sonra ÜST-nin 6 regionda 149 ölkədə nümayəndiliyi olduğunu deyib.

O, Azərbaycanın səhiyyədə nailiyyətlərindən bəhs edərkən, “Azərbaycan 2002-ci ildə poliomeilitdən azad ölkə statusu alıb, 2003-cü ildən Su və Sağlamlıq Protokolunun iştirakçısıdır, 2005-ci ildə “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasını retifikasiya edib və 2006-cı ildə İİV-dən müalicə xidməti verməyə başlayıb. Həmçinin 2007-2014- cü illərdə Azərbaycan ana ölümlərinin nisbətinin hər 100 min diri doğuşa görə 35.5-dən 14.6-a endirilməsinə nail olub, 2013-cü ildən malyariyaya yoluxma halları qeydə alınmayıb, dünyada növünə görə yeganə olan həbsxanalarda vərəmin profilaktıkası və nəzarəti üzrə ÜST-lə Əməkdaşlıq Mərkəzi yaradılıb, 2016-cı ildə qızılca və məxmərək eliminasiyası statusu aldığını”, deyə qeyd edib.

H.Harmancı ÜST-nin çiçək xəstəliyini artıq dünyadan kökünü qazıdıqlarını və xəstəliyin artıq olmadığını vurğulayıb.

O həmçinin Azərbaycanda səhiyyə problemlərindən bəhs edərkən ürək xəstəlikləri, iflic, xərçəng, şəkərli diabet, hipertoniya, psixi xəstəlikləri qeyd edib. Lakin bir mövzu var ki, buna xüsusilə yanaşılmasını xahiş edib. Belə ki, Azərbaycanda ana südü ilə qidalandırmanın faizinin aşağı olduğunu və buna yanaşmada bir problem olduğunu vurğulayıb.

Qeyri-yoluxucu xəstəliklər üzrə ÜST-nin kommunikasiya mütəxəssisi Tina Kiaer isə öz çıxışında tütün, spirtli və enerji içkilərin insan həyatına, sağlamlığına təhlükəsindən bəhs edib. Bu kimi məhsulların reklamlarının qadağan olunmasının və sponsorluqlarının ləğv olunmasının, ümumiyyətlə alüdəçiliyə qarşı tədbirlər çərçivəsində insanları maarifləndirmədən əlavə mütləq qanunvericiliklə təsdiq edilmiş qanunlar tətbiq olunmasının və pərakəndə spirtli içkilərin fiziki əlçatanlığına məhdudiyyətlər tətbiq etməyin vacibliyini vurğulayıb. Buna misal olaraq insanların alüdəçiliyinin azaldılması üçün spirtli içkilərdə və tütün məmulatlarında verginin artırılması ilə qiymətlərin bahalaşdırılaraq alüdəçiliyin azaldılması təcrübəsinin bir çox ölkələrdə həyata keçirildiyini və müvəffəqiyyət əldə olunduğunu bildirib.

O enerji içkilərinin sağlamlığa zərərlərindən bəhs edərkən qeyd edib ki, “Enerji içkilərinin qəbulu ilə gənclər daha çox kofein qəbul edir və bununla da öz orqanizmlərinə zərər verirlər. Bu içkilərin reklam mədəniyyəti formalaşdırılmalı, qanunvericilikdə bununla bağlı tədbirlər görülməli və reklamlara məhdudiyyət qoyulmalıdır.

Daha sonra tədbirdə sorğu keçirilib və sorğunun nəticələrinə əsasən müzakirələr aparılıb.

Tədbir sonda sualların cavablandırılması ilə başa çatıb.

Aysel Məmmədova