“Sülh çeşməsi”: davammı, tamammı? ŞƏRH-ÖZƏL

29 Oktyabr 2019 15:49 (UTC+04:00)

“Sülh çeşməsi” əməliyyatının bundan sonrakı detalları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə 6 saat davam edən görüşündə müəyyənləşib. Lakin Ankara əməliyyatın müvəqqəti olaraq dayandırılması ilə bağlı razılığa gələndə əsas məsələ ABŞ-ın sonradan verdiyi sözə əməl etməsindən asılıdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

ABŞ-ın verdiyi sözə əməl etməyəcəyi təqdirdə Türkiyənin yenidən əməliyyatlara başlayacağını deyən ekspert bu gün ABŞ Konqresinin Aşağı Nümayəndələr Palatasının komitəsi tərəfindən “erməni soyqırımı”nın müzakirəyə çıxarılmasını təsdiqləməsinə təəssüfünü bildirib.

Onun sözlərinə görə, bu, Türkiyəyə ABŞ tərəfindən bir xəbərdarlıqdır: “Görünür Ankara konkret olaraq Suriyada hərbi əməliyyatları yenidən başlamaq niyyətindədir. Məhz buna görə də ABŞ tərəfindən "erməni soyqırımı" yenidən gündəmə gətirilərək Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə olunur”.

S. İsgəndərov qeyd edib ki, Ankaranın Rusiya ilə yaxınlaşması Vaşinqtonu heç də qane etmir: “Əslində Türkiyənin təhlükəsizlik zonası yaratması ilə Rusiyanın Dəməşqin nəzarətində olmayan digər ərazilər, İdlibdə möhkəmlənməsi paralel baş verəcək. Hesab edirəm ki, ABŞ bu kontekstdə Ankaraya təzyiq göstərməyə çalışacaq, qondarma "erməni soyqırımı" ilə yanaşı yeni sanksiyalar da nəzərdə tutula bilər. Xüsusilə də Rusiyanın Ankara ilə münasibətləri, o cümlədən Ərdoğanın Suriyada azad olunan ərazilərin Dəməşqin nəzarəti altına keçirilməsi ilə bağlı mesajlar verməsi Vaşinqtunun xoşuna gəlmir”.

Ekspert hesab edir ki, baş verənlər fonunda əgər ABŞ ilk növbədə Suriyadan əlaltılarını tam şəkildə çıxarmayıb, yenidən orada müəyyən təxribatlara əl atmaq fikrindədirsə, o zaman Ankara ən azından qarşıda qoyduğu hədəflərə çatmaq üçün yenidən əməliyyatlara başlaya bilər: “ABŞ-ın əlaltılarını Suriyadan çıxarılması ilə bağlı iddialar da Ankaranı qane etmir. Çünki Türkiyə düşünür ki, əgər onlar həqiqətən çıxarılıbsa, hara göndərilib? Əgər onlar İraqa göndərilibsə, o zaman orada da təxribatalara başlanacaq. İndi biz son saatlarda çıxa biləcək anlaşmaları da nəzərdən qaçırmamalıyıq. Əgər Ankara hərbi əməliyyatlara başlayacaqsa, bu, bir şərtlə olacaq. Belə ki, Ankaranın Rusiya ilə yaxınlaşması, hazırda da Bəşər Əsədlə müəyyən məsələlərdə razılaşmağa getməsi kontekstində Vaşinqton öz sözündən geri çəkilərək Ankaraya təzyiqlərə başlayarsa, o zaman Türkiyənin həbir əməlliyyatlara başlamaqdan başqa yolu olmayacaq”