Binəqədi rayonunda «Nəsimi işığında» adlı növbəti tədbir keçirilib

28 Oktyabr 2019 16:50 (UTC+04:00)

Binəqədi rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin «Nəsimi İli» elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar «Nəsimi dühası-650 il» adlı layihə çərçivəsində 298 və 299 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 299 nömrəli tam orta məktəbin akt zalında «Nəsimi işığında» adlı növbəti tədbir keçirilib.
Tədbir də Dövlət himninin səsləndirilməsindən sonra bədii hissə ilə davam etdirilib. Tam orta məktəblərin şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edilib, Topal Teymurla Nəsiminin dialoqunun əks olunduğu kompozisiya nümayiş etdirilib.
Tədbirdə çıxış edən 299 nömrəli tam orta məktəbin direktoru Solmaz Kazımova qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən bəhs edib.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək, Nəsiminin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutduğunu, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etdiyini bildirib. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Rayonun tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən, mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.

ZÜMRÜD BAYRAMOVA