Hakimiyyətin inqilabı

24 Oktyabr 2019 11:48 (UTC+04:00)

Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları hələ bu ilin əvvəlindən həyata keçirilən və yeni vüsət alan inqilabi islahatların məntiqi davamıdır. Bəli, bu hakimiyyətin inqilabıdır və söz yox ki, bu inqilab bilavasitə ölkəmizin, xalqımızın, gələcəyimizin daha möhkəm təməllərə söykənəcəyi gerçəkliyini fakt olaraq ortaya qoydu. Ölkə rəhbərinin xüsusilə gəncləşdirmə siyasətinin vacibliyini vurğulaması, həmin istiqamətdə əməli işlər həyata keçirməsi, qərarlar qəbul etməsi, eləcə də nazirlik strukturları qarşısında kifayət qədər əsaslı şərtlər qoyması həyata keçirilən islahatların bundan sonra da davamlı olacağı xəbərini verməkdədir.

Azərbaycan gəncinə edilən çağırış!

Digər tərəfdən, dövlət başçısının sözün əsl mənasında inqilabi addımlar atması, bu gün özlərini “xalqın sözçüsü” kimi zorla ictimai rəyə sırıyan, mövcud ictimai-siyasi, sosial-iqtisadi və s. istiqamətlərdə həyata keçirilən nəhəng uğurlara sərgilədikləri sifarişli siyasi şouları vasitəsi ilə kölgə salmağa cəhdlər göstərən uğursuz ünsürləri çıxılmaz vəziyyətə salıb. Çünki reallıq həm də budur ki, Azərbaycan xalqı bu siyasəti birmənalı olaraq dəstəkləyir, verilən hər bir qərarın qısa zamanda münbit bəhrələr verəcəyinə inanır.

Lakin daha bir gerçəklik budur ki, cənab İlham Əliyevin kadr islahatlarında apardığı gəncləşdirmə siyasəti həm də birbaşa Azərbaycan gəncinə edilən çağırışdır – gənclərimiz ölkənin gələcək müqəddəratının daha təməlli əsaslara dayanması üçün həmin çağırışdan maksimum şəkildə yararlanmalı, təhsilində, ictimai fəaliyyətində dövlətçilik, xalqçılıq prinsiplərini öndə tutmalıdır. Məhz belə olan halda, hər bir gənc öz potensialını həmin istiqamətə yönləndirib, daha uğurlu nəticələr hasil edə bilər.

Bu baxımdan, cənab Prezidentin dediyi fikirləri bir daha xatırlatmaq yerinə düşərdi. SİTAT: “Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır... Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər".

Nümunə modeli və qələbə etalonu

O da sirr deyil ki, Prezident İlham Əliyev dövlətin müvafiq strukturlarının rəhbərləri ilə görüşlərində bir əhəmiyyətli məqamı hər dəfə xatırladır və vurğulayır ki, kimlərsə həyata keçirilən islahatlara biganə, etinasız yanaşırsa, həmin şəxslər barədə ölçülər götürülməli, ölkə başçısı şəxsən (!-R.N.) məlumatlandırılmalıdır. İstər sahibkarlığın inkişafında, istərsə də digər sahələrdə dövlətin tətbiq etdiyi qətiyyətli islahatlar siyasətinə şəxsi maraqlarına görə kölgə salmağa çalışanlar, dövlətə, xalqa sədaqət andı içərək, sonradan xilaf çıxanlar, qəsdən xalqı hakimiyyətdən narazı salan insanlar dərhal öz layiqli cəzalarını almalıdırlar!

Ona görə də, bu gün hər kəs - ən sadə vətəndaşdan tutmuş yüksək vəzifəli dövlət məmurlarına qədər bütün insanlar cənab İlham Əliyevin həyata keçirdiyi inqilabi islahatlara dayaq durmalı, onun davamlığı üçün ardıcıl çalışmalı, dönməz iradə nümayiş etdirməlidirlər.

Beləliklə, biz bütün bunlarla yanaşı, həm də belə qənaətə gələ bilərik ki, hakimiyyətin gerçəkləşdirdiyi inqilab həm də beynəlxalq aləmə göstərilən siyasi uğur nümunəsidir və bu nümunə yalnız Azərbaycanın dünyaya sərgilədiyi siyasi modeli deyil, həm də bir qələbə etalonudur!

Rövşən NURƏDDİNOĞLU