“Sport Bild” nəşri: Mourinyo “Borussiya” ilə danışıqlar aparır

23 Oktyabr 2019 22:34 (UTC+04:00)

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Dortmundun “Borussiya” futbol klubu ilə danışıqlar aparır. Bu barədə “qazeta.ru” Almaniyanın “Sport Bild” nəşrinə istinadla bildirir. Nəşrin məlumatına görə, alman klubunun hazırda İngiltərə televiziyasında ekspert kimi çalışan 56 yaşlı mütəxəssisə marağı isveçrəli Lüsyen Favrın rəhbərliyi altında komandanın əldə etdiyi qeyri-sabit nəticələrlə bağlıdır.

Bildirilir ki, Mourinyo təyinata razıdır və artıq alman dilini öyrənməyə başlayıb. 8 turdan sonra aktivində 15 xal olan “Borussiya” Almaniya çempionatının turnir cədvəlində dördüncü sıradadır. Almaniya çempionatının lideri 16 xal toplamış Mönxenqladbaxın “Borussiya” komandasıdır.