Lyudmila Duxovnaya “Şöhrət” ordeni ilə təltif edilib SƏRƏNCAM

23 Oktyabr 2019 16:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə teatr sənətinin inkişafındakı xidmətlərinə görə Lyudmila Semyonovna Duxovnaya “Şöhrət” ordeni ilə təltif edilib.

Lyudmila Duxovnaya 23 oktyabr 1944-cü ildə Bakıda anadan olmuşdur. 1963-cü ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirmişdir. Həmin ildən bu teatrda çıxış edir.

Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaratmışdır: Nastya ("Həyatın dibində", M.Qorki), dul qadın ("Kaliforniyada dəfn", R.İbrahimbəyov), Valentina ("Valentin və Valentina", M.Roşşin), Natalya Qolubeva ("Aləmlə üz-üzə", A.Gelman), Karolli ("Əldən düşmüş at", F.Saqan), Eleonora ("Əliaçıq", İ.Jamiak), Jülyetta ("Oğrular balı", J.Anuy) və s. Azərbaycan Milli Dram Teatrında Elçinin "Ah Paris, Paris" pyesinin tamaşasında Vera rolunda çıxış etmişdir.

1976-ci ildə L.Duxovnaya "Əməkdar artist", 1991-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatına layiq görülmüşdür.