"ATƏT-in Minsk Qrupunun vasitəçiliyi özünün sonuna yaxınlaşır" ÖZƏL-MÜNASİBƏT

23 Oktyabr 2019 12:04 (UTC+04:00)

"ATƏT MQ həmsədrləri nəhayət ki, regiona səfər etdilər. Onların regiona səfərlərini Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında Aşqabadda MDB sammiti çərçivəsində keçirilən görüşün nəticəsi kimi qəbul etmək olar". Bunu SİA-ya politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, MDB sammitlərində artıq Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı yeni mühitin yarandığını iddia etmək olar: "Üzv ölkə prezidentlərinin yaratdığı mühit Dağlıq Qarabağ danışıqlarına şərait yaradır. Ermənilərin dillərində əzbər olan “lift diplomatiyası” da Bişkekdə MDB sammiti zamanı baş verib. Ona görə ATƏT-in Minsk Qrupu həmsədrləri anons etmədən prezidentlərin Aşqabad sammitində əldə olunmuş razılaşmanı dərhal reallaşdırmaqdan ötrü regiona səfər etdilər. 3 vacib məqam diqqəti öz üzərində möhkəm saxlayır:

I. İkitərəfli format-Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında danışıqlar Dağlıq Qarabağ tənzimlənməsində daha mühüm əhəmiyyətə malik olur və tənzimlənmənin gedişinə daha ciddi təsir edir. İkitərəfli format ATƏT MQ formatından daha vacib olur və artıq vasitəçilər də bu formatı özləri üçün legitim qəbul edirlər.

Ehtimal ki, Ermənistan və Azərbaycan rəhbərlərinin iki ölkənin dövlət sərhədində görüşü ideyası aktuallaşdırıla bilər. Bu halda ATƏT MQ stenoqrafçı funksiyasını reallaşdıracaq.

II. Əsirlər və itkin düşənlərin mübadiləsi ermənilərin razılaşdığı ssenari üzrə baş verəcək. Ermənistan D.Əsgərovvə Ş.Quliyevi Dağlıq Qarabağdan almaqdan ötrü nəsə vəd verməli idi. ER Xİ naziri Z.Mnasakanyanın uzun müddət öhdəliklərin mütənasibliyi adı ilə gündəlikdə saxladığı mövzu nəhayət ki, həllini tapdı. Azərbaycan Kaspşikinmissiyasının sayını daha 6 nəfər artırılmasına razılıq verir, əvəzində isə Ermənistan Dağlıq Qarabağdan D.Əsgərov və Ş.Quliyevi gətirir. Əslində Ermənistan kifayət qədər ciddi riskli dövrə qədəm qoydu. Yəni belə alınır ki, əgər erməni tərəfi “hamının hamıya dəyişdirilmə” prinsipindən imtina edəcəksə demək, ermənilər üçün Azərbaycanın ağrıması onların özlərinin təhlükəsizliyindən qat-qat vacib məsəldir. Çünki A.Kaspşikin missiyasının genişləndirilməsi məsələsi prezidentlərin Vyana və Sankt-Peterburq görüşü zamanı razılaşdırılmış məsələ idi. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan məhz Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu təklifindən geri çəkilmişdi. Azərbaycan Respublikasının Prezidenti hələ əvvəlki rəhbərliklə dialoqda Kaspşik missiyasının 6 nəfər artırılaraq 13 nəfərə çatdırılmasına etiraz etmədiyini bildirmişdi.

III. Həmsədrlərin Xarici İşlər nazirlərinin dekabr ayında Slovakiyada görüşünü təşkil etməklə bağlı fikirləri ilk növbədə onların geri çəkilməsi kimi başa düşülməlidir. Çünki artıq ATƏT ministeriallarında həmsədrlər yox, həmsədr ölkə nümayəndə heyətlərinin başçıları daha həlledici rola malik olur.

Beləliklə, Ermənistan və Azərbaycan Xİ nazirlərinin görüşünün təşkili ilə bağlı siyasi iradə Rusiya, ABŞ və Fransa Xİ nazirlərinə məxsusdur. Həmsədrlərin bunu bildiyi halda öz üzərinə belə missiyanı götürmək, hətta bunu ehtiyatlı formada təqdim etmək onların öz perspektivlərinə inanmadığının göstəricisidir.

ATƏT-in Minsk Qrupunun vasitəçiliyi özünün sonuna yaxınlaşır"