Ermənistanda repressiyalar və həbslər davam edir

23 Oktyabr 2019 11:06 (UTC+04:00)

Arsen Babayanın saxlanması Ermənistanda hüquq müdafiəçilərinin öldüyünü göstərdi. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, belə bir bəyanat bu gün Yerevandakı ümumi yurisdiksiya məhkəməsinin qarşısında keçirilən etiraz aksiyası zamanı VETO ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan tərəfində verilib.

Məlumatda qeyd olunur ki, ictimai-siyasi hərəkatının rəhbəri öz bəyanatında Ermənistanda insan haqları müdafiəcilərinin öldüyünü, artıq mövcud olmadığını, onlara danışmaq qadağan olunduğunu bildirib. O qeyd edib ki, hüquq müdafiəçilərinə bu işlə bağlı tələsik danışmağa belə icazə verilmir, səssiz qalmaları əmr olunur.
"Özünü Konstitusiya Məhkəməsinin sədri elan edən Vaqe Qriqoryan çox istədiyi kresloya çatmaq yolunda heç bir şeydən çəkinməyəcək. Bu mövqeyə çatmaq üçün hər kəsi yalan ittihamlarla həbs etməyə hazırdır. Arsen Babayanın tutulması Konstitusiya Məhkəməsinin hakimiyyət boğazında qalan bir sümükdür. Onun həbsi siyasi sahədə gedən proseslərin dərinliyini nümayiş etdirir”, deyə Narek Malyan bildirib.
Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti dünən Ermənistan Milli Məclisi rəhbərinin keçmiş müavini Arsen Babayanı Ermənistan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsinə əsasən cinayət əməli törətməkdə şübhəli bilərək saxlayıb. Arsen Babayanın vəkilləri dünən gecə onun tutulmasına etiraz edib.
Siyasi və hüquqi dairələrdə Arsen Babayanın həbsi ciddi müzakirələrə səbəb olub. Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zoqrabyan öz Facebook səhifəsində yazıb ki, Arsen Babayanın saxlanması bir çox sual doğurur.
Çiçəklənən Ermənistan partiyasının lideri Qagik Tsarukyan jurnalistlərə verdiyi müsahibədə "Arsen Babayanın tutulması əsassızdırsa, bunu edənlər cavab verəcəkdir" deyib.