Şirvan Milli Parkında ceyran ovlayanlar tutulub

22 Oktyabr 2019 21:03 (UTC+04:00)

Şirvan Milli Parkının ərazisinə daxil olaraq ceyran ovlayan 3 nəfər parkın mühafizə işçiləri tərəfindən saxlanılıb. Şirvan Milli Parkının direktoru Arzu Mustafayev bildirib ki, parkın cənub hissəsində bir baş ceyranın brakonyerlər tərəfindən ovlanması ilə bağlı daxil olan operativ məlumat əsasında milli park əməkdaşlarından ibarət qruplar qanun pozucularının izinə düşüblər. Təqibdən yayınmaq məqsədilə özlərini ərazidəki cənub kollektoruna atan brakonyerlər üzərək parkın digər hissəsinə keçiblər. Onlar xidməti vəzifələrini yerinə yetirən milli parkın çevik qrupuna müqavimət göstərməyə çalışsalar da yaxalanıblar. Brakonyerlərin hər üçünün şəxsiyyəti müəyyənləşdirilib.

Araşdırma zamanı brakonyerlərin Həsənov Natiq Namik oğlu, Məhəmmədzadə İsmət Fikrət oğlu, Əsədov Rəşad Sücəddin oğlu olduğu məlum olub. Zəruri ilkin sənədləşmə işləri aparılaraq barələrində lazımi hüquqi tədbirlərin görülməsi məqsədilə brakonyerlər Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil veriliblər.