Ermənistanda mitinqlər başladı: inqlab qapıdadır
2 Mart 2011 20:56 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, martın 1-də Ermənistan paytaxtı Yerevanda sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin mitinqi keçirilib. Matenadaran muzeyinin qarşısında keçirilən mitinqə 50 min insan qatılıb. Levon Ter-Petrosyan, Stepan Dəmirçiyan, Aram Sərkisyan, David Şahnazaryan, Raffi Ovannisyan və başqa müxalifət liderlərinin iştirak etdiyi mitinqdə ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi tələb olunub. Erməni Ümummilli Hərəkatının sədri Aram Manukyan mitinqdə çıxış edərək üç il əvvəl martın 1-də baş vermiş hadisələrdən danışıb və toqquşmalarda 10 nəfərin öldüyünü, 150 nəfərə qədər adamın həbs olunduğunu, onlarla insanın ölkəni tərk etdiyini vurğulayıb: "Martın 1-i bizim tariximizdə bir damğadır".
Qeyd edək ki, 2008-ci ilin fevralında Ermənistanda prezident seçkisi keçirilib. O zaman baş nazir postunu tutan Serj Sərkisyan qalib elan olunub. Müxalif qüvvələr özəlliklə sabiq prezident Levon Ter-Petrosyanın tərəfdarları nəticələrlə razılaşmayaraq davamlı kütləvi aksiyalar keçiriblər. Martın 1-də bu aksiyalar qanla yatırılıb. Toqquşmalarda ən azı 10 nəfər ölüb.
Ümumiyyətlə, son vəziyyət bir daha işğalçı ölkədə inqilabın, yaxud da xalq üsyanının olacağına işarə edir. Ekspertlərin qənaətinə görə, getdikcə daha da dərinləşən sosial-iqtisadi böhran və müxalifətin fəallaşması mart ayında işğalçı ölkədə inqilaba yol aça bilər. Sarkisyan iqtidar isə labüd çaxnaşmalardan və xalq inqilabından sığortalanmaq üçün nəticəsiz tədbirlər silsiləsi həyata keçirməklə baş qatmağa çalışır. Hər halda erməni mətbuatı belə yazır. Müxalifətçi Erməni Milli Konqresinin (EMK) martın 1-nə təyin etdiyi mitinqlə bağlı təbliğat işləri apardıqları, insanlar arasında aksiyaya qatılmaqla bağlı çağırışlar etdikləri üçün arasında 3 qadın olmaqla 10 fəal gəncin saxlanılmasının ardından EMK Sarkisyan hakimiyyətinin qanunsuz əməllərinə etiraz əlaməti olaraq xüsusi bəyanat yayıb. Bəyanatda deyilir: "Martın 1-nə təyin olunmuş mitinq ərəfəsində hakimiyyət bir sıra qanunsuz əməllərə əl atır. Bir sıra regionlarda EMK fəalları polisə çağırılır. Göründüyü kimi, hakimiyyət bir sıra ərəb ölkələrində baş verən son hadisələrdən qorxuya düşüb. Onlar əhalinin daha geniş təbəqəsinin siyasi fəallığının arta biləcəyini düşünür. Şəxsən Sarkisyanın göstərişilə həyata keçirilən bu əməllərdə məqsəd 1 mart mitinqində iştirak edəcək şəxslərin sayının minimuma endirilməsinə çalışmaqdır".
Yeri gəlmişkən, Helsinki Assosiasiyasının (HA) 2010-cu ilə dair insan haqqlarının vəziyyəti ilə bağlı yaydığı hesabatında Ermənistanda vətəndaş və əsas insan azadlıqlarının kobud şəkildə pozulması hallarına yol verilməsi faktı bir daha öz təsdiqini tapıb. Yerli kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, Ermənistan Helsinki Assosiasiyasının rəhbəri Mikael Danielyan qeyd edib ki, 2010-cu ildə də rəsmi İrəvan AŞ PA-nın tələblərini qulaqardına vurub. Hesabatda 2008-ci ildə mart hadisələri zamanı müxalifət nümayəndələrinin həbs edilməsi, polis əməkdaşlarının etirazçılara qarşı zor tətbiq etməsi, jurnalistlərə göstərilən təzyiq və söz azadlığının pozulması, dini azlıqlara dözümsüzlük nümayişini qınayan məlumatlar yerləşdirilib. Sənəddə, həmçinin, polis məntəqələrində zorakılığın tətbiqi, məhkəmələrin fəaliyyətində qanunsuzluq hallarının müşahidə olunması, ölkənin penitensiar xidmət sahələrində belə rüşvətxorluğun yayılması öz əksini tapıb.
Bu arada Ermənistanın müxalifəti martın 1-nə təyin etdiyi mitinqə hazırlığını bütün gücü ilə davam etdirir. EMK-nin koordinatoru Levon Zurabyan KİV-ə açıqlamasında dolayısı ilə hakimiyyətlə döyüşə hazır olduqlarını bildirib. Sözügedən mitinqin "çox vacib olduğunu" deyən L.Zurabyan hazırda Ermənistan ictimaiyyətində, eləcə də, siyasi müstəvidə psixoloji vəziyyətin son dərəcə gərgin olduğunu söyləyib. Onun sözlərinə görə, etiraz edən insanların sayının çoxluğu müxalifətin haqq tərəfdarı olduğunu göstərir: "Həmin aksiyada hakimiyyətə açıq şəkildə mesaj göndəriləcək: istənilən zorakılığa xalq tərəfindən 10 qat artıq cavab veriləcək".
Ermənistan ümummilli hərəkatının sədri Aram Manukyan isə deyib ki, etiraz aksiyasına toplaşan vətəndaşların çox olması iqtidarın güc tətbiq etməsinə rəvac verməyəcək və bu, inqilabı qan tökmədən həyata keçirmək üçün yeganə çıxış yoludur: "İnsan axınına qarşı güc tətbiq etmək üçün hakim rejim ya minumum Qəddafi, ya da hədsiz dərəcədə qəddar olmalıdır. Amma hazırki hakimiyyət qəddarlıq nümayiş etdirmək üçün son şansını da itirib". A.Manukyana görə, hazırki iqtidar koalisiyası arasında imzalanan memorandum, əslində, hakimiyyətin acizliyini nümayiş etdirir. Əsas məqsəd daxildə heç bir problemin olmadığını göstərməyə çalışmaqdır: "Hakimiyyət artıq daxildən parçalanıb, müxalifət isə kimliyindən asılı olmayaraq sadəcə xalqın diktəsilə hərəkət etməli və onun yanında olmaqla hakim quldur, korrupsioner rejimi devirməlidir".