İlham İsmayılov: Artıq Avropa dövlətləri də yaxşı başa düşür ki, ermənilərin törətdiyi bu faciələr insanlıqdan kənardır və heç bir hüquqi çərçivəyə sığmır-MÜSAHİBƏ

2 Mart 2011 20:37 (UTC+04:00)
Məlum olduğu kimi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı fevral ayının 23-27-də Strasburq şəhərində silsilə tədbirlər və "Xocalıya ədalət" kampaniyası çərçivəsində mitinq keçirib. Bu məqsədlə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor mudiri Qafar Əliyev, Milli Məclisin üzvü Fuad Muradov və Dağlıq Qarabağ Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev Strasburqa rəsmi səfər ediblər. Belə ki, səfərlə bağlı bir sıra məqamlara aydınlıq gətirmək üçün ATXƏM-in sədri İlham İsmayılovla söhbətləşdik:

- İlham müəllim, Straburqa səfərin əsas məqsədi nə idi?

- Səfərin əsas məqsədi ATXƏM və Strasburq "Azərbaycan Evi"nin 26 fevral 2011-ci ildə Strasburq şəhərində keçirəcəyi mitinqi təşkil etmək və buna hazırlıq görməkdən ibarət olub. Məlumat üçün deyim ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburqda yaşayan Türk və Azərbaycan gənclərinin toplaşdığı COJEP (Plural Düsüncəli Gənclər Təşkilatı) mərkəzi ofisində olduq. Görüşdə əsas müzakirə mövzusu Strasburqda yaşayan Azərbaycan və Türk gəncliyinin Xocalı mitinqində həmrəyliyinə nail olmaq və mütəşəkkiliyi təmin etmək olub.
Daha sonra Avropa Şurasının mərkəzi qərargahında Avropa Şurası İnsan Haqqları üzrə komissarının köməkçisi Bojana Urumova ilə görüşdük. Görüşdə B.Urumova Dağlıq Qarabağ probleminin mahiyyəti, bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdiyi problemlər və onların pozulmuş insan hüquqlarını, eyni zamanda 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımla bağlı ətraflı məlumat verdik.
Bir bu görüşdə Avropa Şurası İnsan Haqqları üzrə komissardan bu məsələ ilə bağlı prinsipial mövqe tutmağı və Azərbaycanın haqq işinin müdafiə olunmasını xahiş etdik. Görüşdə Avropa Şurası İnsan Haqqları üzrə komissarın köməkçisi xanım B.Urumova komissarla birlikdə Azərbaycana növbəti dəfə səfər edəcəyini və bu məsələdə daima obyektiv olacağını bildirdi. Görüşdə xanın B.Urumovaya Dağlıq Qarabağ problemini və Xocalı soyqırımını tanıdan geniş məlumat və materiallar təqdim etdik.
Səfər çərçivəsində, həmçinin, Strasburq Elzas bölgəsinin Aşağı Rena rayon Baş Konseyinin Baş müsaviri, Fransa Yaşıllar Partiyasının həmin bölgə üzrə yerli nümayəndəliyinin rəhbəri xanım Andre Münxenbaxla da görüşdük. Görüşməkdə əsas məqsədimiz isə Xocalı faciəsi ilə əlaqədar keçiriləcək tədbirlərin mahiyyəti haqqında yerli icra hakimiyyətinin məsul şəxslərini məlumatlandırmaq, bir daha Xocalı soyqırımının mahiyyəti haqqında onlara əlavə məlumatlar vermək, Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək mitinqdə mümkün qədər yerli hakimiyyət orqanlarının dəstəyini və razılığını almaqdan ibarət oldu.

Görüs zamanı Xocalı hadisələrinin canlı şahidi Cavid Əliyev Xocalı soyqırımı ilə bağlı geniş məlumat verdi, təkzibolunmaz faktlarla bu hadisələrin gerçək bir soyqırımı olduğunu ortaya qoydu.

Mən də bir milyondan çox əhalisi olan Elzas bölgəsinin yerli icra hakimiyyəti, bələdiyyə və partiya rəsmisi kimi xanım A.Münxenbaxı qaçqınların vəziyyəti ilə tanış olmaq və əsl həqiqətləri öyrənmək üçün Azərbaycana dəvət etdim.

Bu görüşdən sonra xanım Andre Münxenbax 26 fevral tarixində Kliber meydanında keçirilən mitinqdə iştirak etdi və bu soyqırımın dünyada tanıdılmasının vacib olduğunu bildirdi.

- Səfər çərçivəsində daha hansı görüşlər keçirildi?

- Daha sonra biz Strasburqda fəaliyyət göstərən Strasburq Türk Ailələri Birliyinin nümayəndələri ilə görüşdük. Görüşdə bir daha Strasburqda keçiriləcək Xocalı mitinqində birgə fəaliyyətə dair məsələlər müzakirə olundu.

Həmin görüşdə Strasburqda Xocalı mitinqində iştirak üçün Ankaradan gəlmiş Milliyətçi Hərəkət Partiyası (MHP) sədrinin köməkçisi, sabiq millət vəkili Abbas Bozyel, eyni zamanda, Fransa-Türk Konfederasiyasının Fransa üzrə rəhbəri Namiq Şahin, Strasburq Türk Ailələri Birliyinin rəhbəri Çələbi Qoçaq, Federasiyanın İdarə Heyətinin üzvü Ayhan Sahan, sədr köməkçisi Osman Canlı da iştirak etdi. Görüş zamanı qeyd olundu ki, son illər Azərbaycan və Türkiyə diasporunun Xocalı soyqırımı ilə bağlı apardığı birgə siyasət dünyadakı erməni lobbisini və erməniləri narahat edir. Xüsusilə, Heydər Əliyev Fondunun və həmin fondun Moskva nümayəndəliyinin başlatdığı "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər və həyata keçirilən tədbirlər öz effektini verməkdədir. Bunun əyani sübutu olaraq, son illərdə çap olunmuş çoxsaylı nəşrlər artıq Avropa əhalisini və beynəlxalq təşkilatların məlumatlanmasında əvəzsiz rol oynamışdır. Artıq Avropa dövlətləri də yaxşı başa düşür ki, ermənilərin törətdiyi bu faciələr insanlıqdan kənardır və heç bir hüquqi çərçivəyə sığmır.

Daha sonra Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə fevralın 25-də Strasburqdakı Avropa Parlamentlər Assosiasiyasının binasında ölkəmizin və türk diaspor təşkilatlarının, tələbələrimizin, yerli və xarici qurumların nümayəndələrinin iştirakı ilə keçirilən anım mərasiminə qatıldıq. Mərasimə toplaşanlara Xocalı soyqırımının, eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə nəşr edilmiş əyani və videomaterillar təqdim olundu, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında ətraflı məlumat verildi.
Mərasimdə Daimi nümayəndəliyin rəhbəri Səfir Arif Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri soyqımı, insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsinin əsl mahiyyəti barədə danışdı, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən, Xocalı faciəsi barədə dünya və Avropa ictimaiyyətinə ətraflı və düzgün məlumat vermək sahəsində apardığı işləri diqqətə çatdırdı. Eyni zamanda, bu sahədə Azərbaycan diasporunun xüsusi rolunu qeyd edən səfir, bundan sonra da təbliğat prosesində həmrəylik göstərməyin vacibliyini vurğuladı.
Strasburqdakı "Azərbaycan evi"nin sədri Mustafa Alınca Xocalı soyqırımında əli olanların indiyə qədər cəzasız qaldıqlarına toxundu və faciəni törədənlərin beynəlxalq məhkəmələr tərəfindən məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımların atılması vaxtının çatdığını bildirdi. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fuad Muradov və Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev Azərbaycan hökumətinin bu məsələni daima gündəmdə saxladığını, beynəlxalq ictimaiyyətin bu hadisələrə düzgün və obyektiv qiymət verilməsi istiqamətində ciddi iş apardığını qeyd etdilər.

- İlham müəllim, məlum olduğu kimi, fevral ayının 26-da möhtəşəm mitinq keçirildi. Bu mitinq hansı məqamlarla yadda qaldı?

- Bəli, fevralın 26-da ATXƏM Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı Strasburq şəhərinin Kleber meydanında mitinq keçirdi. Mitinqdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Strasburqda fəaliyyət göstərən Türk diaspor təşkilatları (Strasburq Türk Ailələri Fedarasyonu, Türk Ocaqları) və ətraf şəhərlərdə çalışan Azərbaycan, türk, fransız və digər təşkilatların nümayəndələri də iştirak etdilər. 400-ə yaxın nümayəndənin qatıldığı tədbirdə bir daha bildirildi ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparıblar. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss edib.

Bir sözlə, mitinq iştirakçılarına Xocalı soyqırımı ilə bağlı detallı məlumatlar verdik. Mitinqin sonunda Xocalı faciəsini əks etdirən foto materiallar, erməni millətiçilərinin qanlı hərəkətlərini pisləyən, Xocalıya Ədalət Kampaniyasının şüarları istifadə olundu, ATXƏM-in hazırladığı bukletlər Strasburq ictimaiyyətinə paylandı. Mitinqdə, eyni zamanda, Xocalı soyqırımının dünyada tanınması və bu soyqırıma dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi ilə bağlı bəyanat oxundu.
Mitinqdən sonra isə ATXƏM və Strasburq "Azərbaycan Evi"nin birgə təşkilatçılığı ilə Strasburq Barnanos Mərkəzində "Dağlıq Qarabağ problemi: Azərbaycan diasporunun və Türk dünyasının mövqeyi" mövzusunda konfrans keçirildi.
Konfransda da Dağlıq Qarabağ probleminin bütün türk dünyasının ortaq problemi olduğu xüsusilə vurğulanaraq, bildirildi ki, bu problemin dünya ictimaiyyətinə çatdırılması üçün bütün türk dünyası diaspor təşkilatlarının birliyi olduqca vacibdir.

- Eyni zamanda, xəbərlər yayıldı ki, artıq keçirilmiş mitinqdən narahat olmuş ermənilər diasporumuzun nümayəndələrini ölümlə hədələyirlər. Bu məsələ ilə bağlı hansı addımlar atılacaq?

- Bəli aldığımız məlumata görə, Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Əlincə Fransada yaşayan ermənilər tərəfindən çoxlu sayda təhdid mesajları alıb. Araşdırma zamanı məlum olub ki, bu cür mesajlar həm də Strasburqda yaşayan digər 5 nəfər Azərbaycan və türk diaspora üzvlərinə də göndərilib. Həmin mesajlarda diaspora fəallarından Xocalı ilə bağlı məsələləri davam etdirsələr, onların sonunun "Magnum 357" ola biləcəyi qeyd olunub. Qeyd edim ki, "Magnum 357" ermənilərin terrorda istifadə etdiyi kod adlarındandır.

Strasburq " Azərbaycan Evi"nin rəhbəri Mustafa Əlincənin verdiyi məlumata görə, onlara olunan hədələrdən birinin - Paris-Alfortville bölgəsindən olan Gregory Deragopianın ünvanı müəyyənləşib. Yaxın günlərdə ermənilərin bu təhdidlərini araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək.