YAP İcra Katibliyində toplantı keçirilib TƏDBİR-FOTOLAR

21 Oktyabr 2019 16:46 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində toplantı keçirilib. SİA-nın verdiyi məlumata görə, toplantıda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, oktyabrın 19-da bəzi müxalifət partiyaları tərəfindən Bakı şəhərində qeyri-qanuni aksiyanın keçirilməsi cəhdinə geniş münasibət bildirməyə ehtiyac var. YAP-ın bu barədə bəyanat yaydığını deyən Əli Əhmədovun sözlərinə görə, Azərbaycan cəmiyyəti, o cümlədən Yeni Azərbaycan Partiyası ölkəmizdə sabitliyin, əminamanlığın pozulmasına yönəlmiş qanunsuz aksiyaların keçirilməsinə özünün sərt, eyni zamanda ədalətli mövqeyini bildirməlidir.

Əli Əhmədov deyib ki, destruktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu. Onun sözlərinə görə, Azərbaycanda hər hansı müxalifət partiyası tərəfindən aksiyaların keçirilməsi nə Yeni Azərbaycan Partiyası, nə də ölkə iqtidarı üçün narahatlıq mənbəyi deyil və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərini çatdırmasına ehtiyac var.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlar, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil. “Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqların təmin olunduğu, sərbəst toplaşmaq azadlığının təmin olunması üçün yerlərin ayrılmasına baxmayaraq müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərirlər”-deyən, Əli Əhmədovun fikrincə, aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Kütləvi informasiya vasitələrində bu barədə məlumat yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər bu işə əl atırlar. Dünyanın hər yerində mitinqin keçirilməsi üçün ayrıca yerlər ayrılır. Bu da ictimai təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır.

Əli Əhmədov deyib ki, bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir.Onun fikrincə, mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur: "Bu, AXCP və “milli şura” deyilən, amalı olmayan təşkilatdır. YAP olaraq hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma bunlar nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək üçün ölkəni xaos və anarxiyaya sürükləyir. Bu dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz. Biz bu acı təcrübəni təxminən 30 il əvvəl görmüşük. İndi ölkəmizdə sabitliyi pozmaq istəyən destruktiv qrupların o zamankı əməlləri nəticəsində Azərbayanda xaos hökm sürürdü. Bunun nəticəsi olaraq torpaqlarımız Ermənistan tərəfindən işğal edilirdi".

Qanunsuz aksiyanın qarşısının alınmasında polisin davranışlarını yüksək qiymətləndirən Əli Əhmədov bildirib ki, hüquq-mühafizə orqanları ölkə qanunlarını pozan qruplara qarşı qanun çərçivəsində tədbirlər görməlidir.

Bu gün Azərbaycanın dinamik inkişaf etdiyini deyən Əli Əhmədov carı ildə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. O qeyd edib ki, belə bir şəraitdə destruktiv qüvvələrin ölkəmizdə sabitliyi pozmaq cəhdləri yolverilməzdir.

Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışnda bildirib ki, Azərbaycanda sərbəst toplaşmaq azadılğı ilə bağlı qanun Avropa standartlarına uyğundur. Onun szölərinə görə, qanunda əks olunan müddəalar Avropa İnsan Haqları Konvensiyasında öz əksini tapır. Ə.Hüseynli deyib ki, radikal müxalifətin qanunsuz hərəkətlərinə cəmiyyətimizin bütün təbəqələri, o cümlədən ictimai təşkilatlar, ziyalılar və s. münasibət bildirməlidir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir və biz həmin şər qüvvələrlə mübarizənin içərisindəyik. O qeyd edib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilarların ikili standartları ilə üzləşib: “Həmin qüvvələr indi də beynəlxalq təşkilatlar vasitəsilə deyil, daxildən Azərbaycanın sabitliyini pozmaq, ölkəni xaosa sürükləməyə cəhd edirlər. Ən faciəlisi isə odur ki, bunu demokratiya, insan haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə cəhd edirlər”.

Komitə sədri deyib ki, Avropa İttifaqı Azərbaycanda radikal müxalifətin keçirdiyi qanunsuz aksiyanı təhlil etməmiş bəyanat verib. Onun sözlərinə görə, Avropa İttifaqına daxil olan ölkələrdə, onun mərkəzi olan Brüsseldə nümayişçilərə güc tətbiq edilir. Fransada baş verən hadisələrdə 11 nəfər həlak oldu, gözləri çıxan insanlar var idi. Biz beynəlxalq təşkilatlara öz müraciətimizi göndərməliyik. Biz Avropa Parlamentinə, Avropa Şurasına, ATƏT və digər təşkilatlara müraciət göndərib deməliyik ki, qanunun aliliyi haqqında danışan təşkilatlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidirlər. Avropanın özündə baş verən hadisələr ikili standartların nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mən əminəm ki, Azərbaycan xalqı hər şeyi çox gözəl görür”.

Toplantıda həmçinin Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli, Milli Məclisin deputatları Elman Məmmədov və Kamilə Əliyeva və YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin üzvü Misirxan Həsənov çıxış edərək radikal müxalifətin qanunsuz hərəkətlərini pisləyiblər.