AMEA Naxçıvan Bölməsi beynəlxalq əlaqələrini genişləndirir FOTO

21 Oktyabr 2019 12:46 (UTC+04:00)

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Şərqi Avropanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şimali Makedoniya Respublikasının paytaxtı Üsküp şəhərindəki Beynəlxalq Vizyon Universitetində elmi ezamiyyətdə olub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Avropada ilk türk universiteti olan bu təhsil ocağında Əbülfəz Quliyev “Kuman-kıpçaqlar və Cənubi Qafqazda izləri” mövzusunda mühazirə oxuyub. Alimin çıxışı maraqla qarşılanıb.

Tanınmış dilçi alim, həmçinin universitetin rektoru, professor Fadıl Hoca və universitetin elmi şura üzvləri ilə görüşüb.

Görüşdə professor Fadıl Hoca universitetin beynəlxalq əlaqələri və Azərbaycana səfərindən, iki ölkə arasında mehriban dostluq münasibətlərindən danışıb.

Müxbir üzv Əbülfəz Quliyev isə çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında elm və təhsilin keçdiyi tarixi inkişaf yolundan və əldə olunan mühüm nailiyyətlərdən söz açıb. Alim Şimali Makedoniya Respublikasının elm və təhsil müəssisələri ilə beynəlxalq əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Şimali Makedoniya Respublikası Beynəlxalq Vizyon Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

İki dildə tərtib olunan protokolda öz əksini tapmış 10 maddəlik qərarda qurumlar arasında elm və təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın 5 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.