Anna Başta beynəlxalq turnirdə qalib olub

21 Oktyabr 2019 08:51 (UTC+04:00)

Azərbaycanın qadın qılıncoynadanı Anna Başta Türkiyənin Antalya şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak edib.

SİA-nın məlumatına görə, o, turnirin qalibi adını qazanıb. Qrup mərhələsini mütləq nəticə (5 qələbə) ilə başa vuran A.Başta onaltıdabir finalda tunisli Amira Ben Çaabaneni 15:11 hesabı ilə məğlub edib. Təmsilçimiz səkkizdəbir finalda özbəkistanlı Paolo Pliegoya da eyni hesabla (15:11) qalib gəlib. İdmançımız dörddəbir finalda, qrup mərhələsini 3 qələbə ilə başa vuraraq onaltıdabir finalda Sevinc İsmayılovanı (Özbəkistan) 15:12, səkkizdbirdə finalda isə Alexandra Romero Benitezi (Venesuela) 15:11 hesabı ilə məğlub edən Səbinə Kərimova ilə qarşılaşıb. Sablyaçılarımızın dueli A.Baştanın 15:12 hesablı qələbəsi ilə başa çatıb. Anna yarımfinalda Türkiyə idmançısı Nisanur Erbil üzərində 15:5 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib. Həlledici görüşdə Kanada sablyaçısı Qabriella Peycə 15:9 hesablı ilə qalib gələn Anna Başta turnirin qızıl medalını qazanıb.

Digər sablyaçılarımızdan qrup mərhələsini 5 qələbə ilə başa vuran Sevil Bünyatova onaltıdabir finalda türkiyəli rəqibi Busra Nura 15:7 hesabı ilə qalib gəlsə də, səkkizdəbir finalda özbəkistanlı Yana Obvintsevaya 9:15 hesabı ilə uduzub.

Qrupu 3 qələbə ilə bitirən Valeriya Bolşakova isə 1/16 finalda sinqapurlu Colie Li Kar Yini 15:8 hesabı ilə məğlub etsə də,1/8 finalda Türkiyə təmsilçisi İrina Şçukla bacarmayıb - 10:15.

Qrupda keçirdiyi görüşlərdə yalnız 1 qələbəsi olan Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.