Xocavənd rayonu ərazisində 2 ədəd mərmi və 1 ədəd mina zərərsizləşdirilib

21 Oktyabr 2019 06:43 (UTC+04:00)

Oktyabrın 20-də saat 06:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunun Ağburun adlanan ərazisində 2 ədəd mərminin və 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

SİA ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Xocavənd rayon Polis şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd tank əleyhinə TM-62 minası və 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-57) aşkar olunara zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mina və mərmilərin ətrafında 160 kvadratmetrəraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən oktyabrın 20-dək 206 siqnal (əməliyyat çağırışı) əsasında 179 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 1 898 ədəd partlamamış hərbi sursat (PHS), 28 716 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 162 350 kvadratmetr ərazi yerüstü və 12 727 kvadratmetr ərazi yeraltı yoxlanılıb.