Diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

19 Oktyabr 2019 12:48 (UTC+04:00)

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə 2019-cu il ərzində Xarici İşlər Nazirliyi, habelə ölkəmizin diplomatik nümayəndəlik və konsulluqları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. SİA xəbər verir ki, oktyabrın 19-da Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunda xüsusi ayrılmış ərazidə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada Xarici İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşları, ölkəmizdə akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də diplomatiya könüllülərinin iştirakı ilə simvolik olaraq 100 ağac əkilib.

Ağacəkmə aksiyasında Azərbaycanın xarici dövlətlərdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulları da iştirak ediblər, onlar tərəfindən də fəaliyyət göstərdikləri ölkələrin park və digər ictimai məkanlarında ağaclar əkilib.