"Aparılan islahatlar səhiyyə və ekologiya sahəsinin inkişafına mühüm töhfələr verib" BƏYANAT

18 Oktyabr 2019 17:23 (UTC+04:00)

Ekologiya, Sağlamlıq, Səhiyyə istiqamətləri üzrə fəaliyyət göstərən QHT-lər Prezident İlham Əliyevin 16 illik fəaliyyəti ilə bağlı Bəyanat yayıblar. SİA-nın xəbərinə görə, bəyanatda deyilir: "2003-cü ilin 15 oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ötən müddətdə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirib, respublikamız iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti sayəsində regionda dünya əhəmiyyətli layihələr həyata keçirilərək, Azərbaycan sərmayə yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib.

Yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya layihələrinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasında fərqlərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin reallaşması 16 ildə görülən işlər, əldə olunan uğurlu nəticələr Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etməsinə əsas verib. Qeyri-neft sənayesinin sürətlə artması, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması bölgələrin inkişafını daha da sürətləndirib. Bütün istiqamətlərdə aparılan uğurlu siyasət və islahatlar səhiyyə və ekologiya sahəsinin də inkişafında böyük töhfələr verib.

Ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edibr. Təbii ki, bu da dövlətimizin vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir. İnsanların sağlam, əmin-amanlıq şəraitində yaşaması dövlətin siyasətində əsas yer tutur. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə həyata keçirilən siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaqların bütün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edib.

Cənab İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində də əsaslı dönüş yaranıb, təbii ehtiyatların, o cümlədən su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib.