Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərinin sərgi-satış yarmarkası keçirilib

18 Oktyabr 2019 16:25 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını quran şəxslərin əl işlərindən ibarət “Bazarını yarat” adlı sərgi-satış yarmarkası keçirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, məqsəd aztəminatlı ailələrə hazırladıqları məhsulların satışında və qazanc əldə etmələrində kömək göstərmək olub.

Nizami Kino Mərkəzində keçirilən yarmarkada özünüməşğulluq proqramı iştirakçıları ilə bərabər, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən 5 sahibkar və “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin üzvləri olan sağlamlıq imkanları məhdud uşaqlar da iştirak edib. Yarmarkada ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər, araxçınlar, şirniyyat məmulatları təqdim olunub.

“Bazarını yarat” yarmarkasının mütəmadi olaraq keçirilməsi planlaşdırılır.