Türkiyənin NATO-dakı mövcudluğu sona çata bilərmi?

17 Oktyabr 2019 13:08 (UTC+04:00)

Türkiyənin Suriyanın şimalında başlatdığı hücum dünyanın ən böyük hərbi ittifaqında - NATO-da böhrana səbəb ola bilər. Siyasi-hərbi gərginliyin yüksək olmasına baxmayaraq Türkiyənin ittifaqdan çıxarılması ehtimalı azdır. Çünki NATO əvvəllər də gərgin vaxtlar yaşayıb və həmin gərginliklərdən çıxa bilib.

1956-cı ildə Süveyş kanalı böhranından tutmuş 1967-ci ildə ittifaq Fransadakı hərbi komandanlığını Belçikaya köçürməsinə, 2003-cü ildə İraq müharibəsi zamanı müttəfiqlər arasında baş verən dərin parçalanmaya qədər NATO bütün bu sınaqlardan keçib. Lakin heç bir ölkə ittifaqı tərk etməyib və ya zorla çıxarılmayıb.

Bundan əlavə, Türkiyə NATO üçün böyük strateji əhəmiyyət kəsb edir. Böyük Boğazda yerləşən bu müsəlman ölkəsinin Avropa, Orta Şərq və Orta Asiya arasında həyati körpü rolunu oynayır. Bu, eyni zamanda Rusiyanın hərbi dəniz donanmasının yerləşdiyi Qara dənizə çıxan yeganə su yoludur.

Türkiyə Birləşmiş Ştatlardan sonra NATO-nun ikinci ən böyük ordusu olan ölkədir və NATO bu ölkəni tərkibində saxlamaqla qonşusu Yunanıstanla tarixi gərginliyin qarşısının alınmasına yardım edir.

NATO müttəfiqləri eyni zamanda Türkiyənin cənub-şərqindəki İncirlik hərbi hava bazasını Yaxın Şərqə çıxış yolu kimi görür. Alyans İncirlikdəkı bazada havaya nəzarət əməliyyatları keçirir və ABŞ burada nüvə silahlarını yerləşdirib.

Norveçin Baş naziri Erna Solberg bildirib ki, NATO-nun xaricində olmaqdansa, Türkiyənin NATO daxilində olması daha düzgündür: "Fikrimcə, onun ailə daxilində və müzakirələrdə olması vacibdir. Onunla bu şəkildə işləmək daha asandır. Lakin biz heç bir şey olmamış kimi də davrana bilmərik".

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəni təmkinə və əsasən də son illər bir milyondan çox suriyalının Avropaya qaçmasından sonra daha bir humanitar fəlakətə səbəb olmaqdan çəkinməyə çağırıb.