"6 direktor və direktor müavini işdən çıxarılıb" Təhsil naziri

17 Oktyabr 2019 11:54 (UTC+04:00)

"1000 manatdan yuxarı əməkhaqqı alan müəllimlərin sayı 5 min nəfəri ötüb". SİA-nın verdiyi məlumata görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) Qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda müəllimlərin orta aylıq əməkhaqqı 600 manatdır: "Daha yüksək əmək haqqı alan müəllimlər də var. Son 5 ildə ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayında 21 faiz artım olub, bu müsbət tendensiya növbəti illərdə də qorunub saxlanacaq. 2019-cu ildə 84 təhsil müəssisənin yenidən tikilməsi və əsaslı təmir edilməsi ilə bağlı işlərə başlanılıb. Onlardan 43- ü yeni tədris ili başlayanda təhvil verilib, qalanı isə təqvim ilinin sonuna kimi təhvil veriləcək. Peşə təhsili çoxsaylı yeniliklər, layihələr həyata keçirilir. Bunlar qanunvericiliyin təkmilləşdirilməsi, müəllimlərin diaqnostik qiymətləndirilməsi və digərləridir".

Nazir bildirib ki, 2019-2020-ci tədris ilində 300-ə yaxın yeni məktəb direktoru təyin olunub: "İnzibati tədbirlər nəticəsində 6 nəfər rayon təhsil şöbəsinin işinə xitam verilib, 6 direktor və direktor müavini işdən çıxarılıb. 29 direktor və direktor müavininə inzibati tənbeh verilib, 7 halda direktorlar barədə məlumat hüquq-mühafizə orqanlarına göndərilib. 80 nəfər məktəb direktorunun müqavilə müddətinin uzadılmaması barədə Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilib".