"İqtisadi artım neft sektorundan qeyri-neft sektoruna transfer olunub" ÖZƏL - MÜNASİBƏT

17 Oktyabr 2019 11:33 (UTC+04:00)

Bu ilin 9 ayının itisadi göstəriciləri göstərir ki, Azərbaycan iqtisadiyyatında artım daha çox qeyri-neft sektoru istehsalı ilə formalaşıb və praktik olaraq qeyri-neft sektorundakı artım ümumi iqtisadiyyatdakı artım tempinin qorunub saxlanmasına imkan yaradır. Bunu iqtisadçı ekspert Vüqar Bayramov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyri-neft sənayesində 15 % artım qeydə alınıb və bu da ondan xəbər verir ki, artıq mərhələli şəkildə biz iqtisadi artımın neft sektorundan qeyri-neft sektoruna transfer olunmasını müşahidə edirik.
“Bu, iqtisadi inkişafın dayanıqlığı baxımından vacibdir. Eyni zamanda, 2019-cu ilin 9 ayının yekunları, həm də Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması ölkəmizdə gedən islahatların beynəlxalq qurumlar, o cümlədən beynəlxalq qiymətləndiricilər və maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi ilə yadda qaldı. Həm Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi sırasına daxil olundu. Ötən il də məhz dünyanın ən islahatçı ölkələri sırasında idi. Digər iqtisadi rəqabətqabiliyyətli indeksində də Azərbaycan öz mövqelərini yaxşılaşdıra bildi. Bu da ondan xəbər verir ki, əslində, islahatlar bir tərəfdən makroiqtisadi sabitliyin qorunub saxlanmasına və makroiqtisadi göstəricilərdə artım tempinin formalaşmasına və qorunub saxlanmasına imkan yaratmaqla yanaşı, həm də beynəlxalq səviyyədəki mövqeyimizin möhkəmlənməsinə səbəb oldu. Bu baxımdan 2019-cu ilin 9 ayının yekinlarını birmənalı şəkildə iqtisadiyyatın diversifikasiyası baxımından müsbət qiymətləndirilməlidir və nəticələr göstərir ki, iqtisadiyyatın mərhələli şəkildə neft sektorundan qeyri-neft sektoruna diversifikasiyası müşahidə olunmaqdadır”.