Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb-saytı yaradılıb- FOTO

1 Mart 2011 18:14 (UTC+04:00)
Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb-saytı yaradılıb. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, elektron kataloq və Elektron kitabxanaları oxucuların istifadəsinə təqdim edilib.

Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (http://www.kurdemir-mks.az) Veb-saytında "Kürdəmir rayonu" bölməsində rayon haqqında ətraflı məlumat yerləşdirilib.

"Tanınmışlar" bölməsində rayonun tanınmış ziyalıları haqqında məlumatlar və onların fotoşəkilləri daxil edilib. Veb-saytın "Muzeyimizin eksponatları" bölməsində Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilən və istifadəçilər marağına səbəb olacaq eksponatların fotoşəkilləri və hər bir eksponat haqqında məlumatlar öz əksini tapır.

"Nadir kitablar" bölməsində "Kitab abidələri haqqında" Əsasnaməyə uyğun olaraq hazırlanıb, Dövlət reyestrinə daxil edilib və rayon Mərkəzi Kitabxanasında saxlanılan nadir və unikal kitablar haqqında məlumat təqdim edilir.

Kitabxananın Veb-saytında kitabxana tərəfindən keçirilən tədbirlər, yeni kitablar, kitabxana-informasiya sahəsinə dair qanunvericilik sənədləri yerləşdirilib.

Kitabxanada oxucuları istifadəsinə verilən Elektron kataloqda Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna yeni daxil olan Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr edilən və kitabxanalara hədiyyə edilən kitablar yerləşdirilib. Bu elektron bazada kitabları 3-5 açar sözə görə axtarış imkanı yaradılıb.