15-16 oktyabr hadisələrindən 16 il keçir - TƏHLİL

16 Oktyabr 2019 11:54 (UTC+04:00)

Xalqın dəstəyi mənfur qüvvələrin hakimiyyətə gəlməsinə imkan vermədi

Həmin gün Azərbaycan tarixi nə yaşadı? İtirilənlər, qazanılanlar... Bu 16 ildə nə dəyişdi? 16 il sonra, 16 il əvvəlki tarixə nəzər salanda, ümumi mənzərədə nələr var?

16 il öncə, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin ətrafında olanlar səslərini qorumaq üçün küçələrə çıxmışdı. Dağıdıcılıq, qarşıdurma yaratmaq istəyən bu qüvvələrin etiraz aksiyası hakimiyyət tərəfindən dağıdıldı.

QHT sədri Əvəz Həsənov deyir ki, dövlət başçısı İlham Əliyev hakimiyyətə gəlməsəydi, bəlkə də, Azərbaycanın iqtisadiyyatı, ən əsası, infrasukturu bu səviyyədə yüksəlməyəcək, inkişaf etməyəcəkdi. Təbii ki, ölkəmizin bugünükü inkişafı da olmayacaqdı.

Bəli, bu, reallıqdır. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən, Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində, 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Ölkə Prezidenti deyirdi: "Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq". Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu. 2007-ci ildə 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində, qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 min kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmənzilli binalardan ibarət komplekslər salınıb. İndiyədək 300 min qaçqın və məcburi köçkünün

mənzil şəraiti yaxşılaşdırılıb. Son bir ildə daha 6 minə yaxın ailə yeni mənzillərə köçürülüb. Bir neçə gün əvvəl - aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində bu kateqoriyadan olan 810 ailə üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verildi. Bu, sayca 103-cü belə qəsəbədir. İlkin hesablamalara görə, 2019-cu ildə təqribən beş min köçkün ailəsi üçün yeni mənzillər tikiləcək. Prezident 2018-ci il aprelin 18-də andiçmə mərasimindəki nitqində islahatların yeni mərhələsinin anonsunu verdi: "Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq".

Bir il keçdi və fransız sosioloji-tədqiqat şirkəti Azərbaycan respondentlərinə belə bir sual ünvanladı: Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son bir ildə apardığı islahatları necə qiymətləndirirsiniz? Sorğuda iştirak edən hər 100 nəfərdən 90,5-i sualı müsbət cavablandırıb. Bu qiymətləndirmə üçün yetərincə arqument var. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə iqtisadiyyat 3,2 dəfədən çox artıb, qeyri-neft sektorunun ixracında 4 dəfədən çox artım baş verib. Valyuta ehtiyatlarımız 24 dəfə artaraq, 44 milyard dolları ötüb. Ölkəmizə 230 milyard dollardan çox sərmayə yatırılıb. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyə görə, 35-ci yerə layiq görüb. Biz inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf göstəricisinə görə isə, üçüncü yerə yüksəlmişik. Budur, xalqın seçdiyi Prezidentin uğurları, tarixi nailiyyətləri!!! Eyni zamanda, sənaye və aqrar sahə modernləşdirilir, şəhər və rayonlarda sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları yaradılır, ölkəmizə ən müasir texnologiyalar gətirilir. Ötən il Azərbaycanın üçüncü peyki orbitə buraxıldı. Həmçinin, "Cənub Qaz Dəhlizi"nin rəsmi açılışı oldu. Bu dəhlizin tərkib hissəsi olan TANAP layihəsi artıq fəaliyyətdədir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması ilə Azərbaycan özünü dünyada tranzit ölkə kimi təsdiqlədi. Bütün bunlar, sözün əsl mənasında, tarixi hadisələrdir. Həmin layihələr bundan sonra onilliklər ərzində Azərbaycana həm siyasi, həm də iqtisadi və maliyyə dividendləri gətirəcək.

Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Görülən işlər xalqın gözü qarşısındadır. Belə ki, sosial sahədə fəaliyyətə gəlincə, 2003-2018-ci illərdə maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 3100-dən çox məktəb, 640-dan çox xəstəxana binası tikilib və ya əsaslı təmir olunub. Bu il daha 100 məktəb binasının tikilməsi, 10-a yaxın rayon mərkəzi xəstəxanasının açılışı nəzərdə tutulur. Ölkə əhalisinin hər il pulsuz kütləvi tibbi müayinəsi aparılır və bu, Azərbaycan Prezidentinin dünyada bənzəri olmayan təşəbbüslərindən biridir.

Bu dövrdə imzalanmış fərman və sərəncamların mühüm bir hissəsi əhalinin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsinə, sosial sahə üzrə şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşdırılmasına yönəlib. Təfərrüata varmadan, yalnız onu qeyd etməklə kifayətlənirik ki, minimum pensiya məbləğinin, minimum əməkhaqqının 40 faiz artırılması, müvafiq olaraq, 233 min və 600 min nəfərin rifahına ciddi dəstəkdir. Yaxud şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillər alınması, şəhid ailələri üçün Prezidentin aylıq təqaüdünün 300 manata çatdırılması, sosial müavinətlərin orta hesabla 100 faiz, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətlərin 50 faiz artırılması və digər müvafiq qərarlar sosial sahədə inqilabi dəyişikliklərin davamlı xarakter aldığını göstərir. Ümumilikdə, 3 milyona yaxın insanı əhatə edən bu sosial paket Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığına bariz nümunədir.

Müsavat eks-başqanının 2003-cü il "xatirələrindən" doğan faktlar

Bu ərəfələrdə Müsavat partiyasının sabiq başqanı, 2003-cü ildə yaradılmış "Bizim Azərbaycan" seçki blokunun rəhbəri İ.Qəmbər 2003-cu il 15-16 oktyabr hadisələri ilə bağlı müəyyən vacib məsələlərlə bağlı etiraflar edib.

İ.Qəmbər bildirib ki, oktyabrın 16-na təyin edilmiş icazəsiz mitinqə qarşı "hakimiyyətin hərbi-texniki cəhətdən hazırlıqlı" olduğundan xəbərləri olub (?!-R.H.). Yəni İ.Qəmbər yaxşı bilirmiş ki, icazəsiz kütləvi aksiya keçirərsə, partiyanın balkonundan aşağıya toplaşmış gözləri qızmış cinayətkarlara armaturlar, dəyənəklər ötürərsə, üsyan çağırışları edərsə, dövlət bu kimi qanunsuz əməllərin qarşısını alacaq. Bu kimi halı bilə-bilə, hadisələrin sonrakı gedişatını proqnoz etməyərək, İ.Qəmbər və radikal seçki blokunun digər təmsilçilərinin təşəbbüsüylə, 12 il əvvəl "Azadlıq" meydanında icazəsiz aksiya keçirildi. Nəticədə, çoxlu sayda insan kütləvi həbsi ilə müşayiət olunan hadisələr və s. arzuolunmaz məsələlər baş verdi.

Onda belə bir sual yaranır - əgər sən bütün baş verəcək hadisələrin nəticəsindən hali idinsə, ya da proqnoz etmək gücündəydinsə, niyə həmin hadisələrin qarşısını almaq yerinə, ölkədaxili vəziyyətin qızışdırılaraq, çərçivədən çıxmasına çalışdın? Bu sualın cavabı çox asandır. Bu tapşırığı İ.Qəmbərə o zamankı Norveç səfiri Steynar Gill və daha bir neçə Qərb ağaları vermişdi. Təbii ki, İ.Qəmbər də yalnız öz mənfəətini güdən biri olduğundan ağalarının əmrləri qarşısında müntəzir dayandı. Qan da töküldü, şəhərə də ciddi ziyan dəydi.

Beləliklə, 16 oktyabr hadisələri Azərbaycanın siyası tarixində birmənalı qəbul edilmir. Çünki müxalifət həmin günü ictimaiyyətin demokratiya uğrunda mətin mübarizəsi, hakimiyyət isə radikalların vandalist hərəkətləri kimi qəbul edir.

Beləliklə, dağıdıcı müxalifət Azərbaycanda nəyi görmək istəmirsə, onu ifadə etməyə çalışır. Elə buna görə də, hər şeyə qara yaxır, məkrli niyyətlərindən əl çəkmirlər. Azərbaycan xalqı isə dağıdıcı müxalifəti çoxdan arxivə atıb.

Rəfiqə HÜSEYNOVA