Almaniyanın “Der Freitag” qəzeti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən yazır

15 Oktyabr 2019 21:19 (UTC+04:00)

Almaniyanın “Der Freitag” qəzetində dərc edilən “Martin Sonneborn immunitetindən sui-istifadə edir” adlı məqalədə beynəlxalq səviyyədə Azərbaycanın ərazisi hesab edilən Dağlıq Qarabağ bölgəsinin 25 ildən artıqdır Ermənistan tərəfindən işğal altında saxlanıldığı nəzərə çatdırılır. Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməklə yanaşı, bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldığı vurğulanır. Qondarma “Dağlıq Qarabağ respublikası”nın dünyanın heç bir dövləti və ya təşkilatı tərəfindən tanınmadığı bildirilir. Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Almaniyanın mövqeyi açıqlanır və AFR XİN-ə istinadən Almaniyanın “Dağlıq Qarabağ respublikası” adlı qurumu tanınmadığı qeyd olunur. Atəşkəs xətti boyunca daim atəş səslərinin eşidildiyi, habelə minalanmış ərazi təhlükəsinin olduğu vurğulanır. Avropa Parlamentinin həyat yoldaşı erməni olan deputatı Martin Sonnebornun Ermənistanın maraqlarını müdafiə etməklə məşğul olduğu nəzərə çatdırılır. Deputatın Dağlıq Qarabağa səfəri zamanı Brüsseldə fəaliyyət göstərən erməni lobbi təşkilatı Ədalət və Demokratiya naminə Avropa Erməniləri Federasiyasının prezidenti Kaspar Karampetyan və təşkilatın direktoru Hegvine Evinjan tərəfindən müşayiət olunduğu diqqətə çatdırılır.