Türkiyə dost ölkələrdən Ankaranın siyasətinə fəal dəstək gözləyir Ərdoğan

15 Oktyabr 2019 16:49 (UTC+04:00)

"Barış Pınarı" əməliyyatı çərçivəsində Suriyada min kvadrat kilometrə yaxın ərazi terrorçulardan təmizlənib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşündə bəyan edib.

Onun sözlərinə görə, Suriyanın Fərat çayının şərqindəki Suriyanın bölgələrində antiterror əməliyyatı uğurla davam edir.

"Mənbicdən İraqla sərhədə qədər bütün Suriya rayonları tezliklə təhlükəsizlik zonasının bir hissəsi olacaq. İlk mərhələdə bir milyon suriyalı qaçqın könüllü olaraq vətənlərinə qaytarılacaq, sonra daha iki milyon", Ərdoğan deyib.

Onun sözlərinə görə, əməliyyat hədəfə çatana qədər davam edəcək. Ərdoğan bildirib ki, Türkiyə dost ölkələrdən Ankaranın siyasətinə fəal dəstək gözləyir.