Tural Gəncəliyev: "Bütün platformalarda biz aktiv olmalıyıq”

15 Oktyabr 2019 14:01 (UTC+04:00)

""Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Prezident İlham Əliyev səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ilə və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışı ilə erməniləri ifşa etdi". SİA xəbər verir ki, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin sədri Tural Gəncəliyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda bu gün keçirilən iclasında deyib.

T.Gəncəliyev bildirib ki, Prezidentin Ermənistan rəhbərliyinin apardığı səhv siyasəti ifşa etməsi bizim hər birimiz üçün örnək və nümunədir: “Biz bütün dünyada ermənilərin ifşa edilməsi istiqamətində addımlar atmalıyıq. Ermənistan rəhbərliyi zaman-zaman saxta iddialarla çıxış edərək Ermənistan-Azərbaycan münaqişə tərəfləri ilə yanaşı, Qarabağ ermənilərinin “Artsax” deyilən cinayətkar qurumunun 3-cü tərəf kimi iştirakını irəli sürür və danışıqlar formatına zərbə vurmaq məqsədilə müxtəlif hərəkətlər edir. Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması olaraq erməni icması ilə danışıqları diqqətdə saxlamalıyıq. Ermənilərin saxta iddiasına onların hansısa münaqişə ilə bağlı təxribat xarakterli bəyanatlarına həmişə cavab verməliyik. Prezidentin söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bizi bir daha əmin edir ki, tez bir zamanda öz torpaqlarımıza qayıdacağıq. Bu bəyanatdan sonra əminik ki, torpaqların işğaldan azad edilməsi və geri qayıtmağımız üçün zəmin hazırlanır. İnformasiya müharibəsinin getdiyi bütün platformalarda biz aktiv olmalıyıq”.